Söyüdlüdə vəziyyət necədir? – Nazirin açıqlaması narazılıq yaradıb, ikinci göl isə…

Söyüdlüdə vəziyyət necədir? - Nazirin açıqlaması narazılıq yaradıb, ikinci göl isə...

“Gədəbəyin Söyüdlü kəndində günlər öncəki vəziyyət davam edir. Polis postunun qurulması, kəndə giriş-çıxışın yoxlanılması, kənardan gələn şəxslərin oraya buraxılmaması olduğu kimi qalır, güman etmirəm kimsə oraya gəlsin”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında əslən Gədəbəy rayonundan olan AĞ Partiya sözçüsü, jurnalist Cavanşir Abbaslı deyib.

O bildirib ki, hazırda Söyüdlü kəndində hər hansı bir insident yaşanmır:

“Ekologiya və təbii sərvətlər nazirinin verdiyi açıqlama insanları heç cür qane edə bilməz. 11 il üst-üstə yığılan problemə belə səthi izahat doğru deyil. İndi belə ciddi problemi 1 günə həll etməyə çalışırlar. 11 il sonra rəsmi qurumlar həmin əraziyə gəlib, guya araşdırma aparıldığını deyirlər. Tez-tələsik nəticəsini elan edirlər. Təhlükəli durumun olmaması ilə bağlı açıqlama verirlər. Bütün bunlar ictimai rəydə qəbul olunmur”.

C.Abbaslı deyib ki, 11 il ərzində yığılıb qalan problemləri bir neçə saat ərzində “araşdırıb” onunla bağlı hər hansı bir açıqlama vermək nə dərəcədə doğrudur?

“Amma komissiyanın araşdırmaları davam etdirdiyi gündə də nazirin açıqlaması oldu və səhv etmirəmsə iki gün öncə də araşdırılmaların davam etdirildiyini bildirilərək əlavə məlumatların veriləcəyi deyildi. İstənilən halda komissiyanın yekun açıqlamasını gözləmək lazımdır.

Söyüdlüdə vəziyyət necədir? - Nazirin açıqlaması narazılıq yaradıb, ikinci göl isə...

Cavanşir Abbaslı

AĞ Partiya sözçüsü Söyüdlü kəndindəki hadisələrlə bağlı yayılan səs yazısına da münasibət bildirib:

“İlk anlarda Rusiyada yaşayan azərbaycanlılardan bir neçəsi ilə yanaşı Söyüdlü sakinlərinin də adı keçirdi. Hətta səs yazısı da yayılmışdı. Lakin bundan başqa o barədə məlumat olmadı. Bununla bağlı da istintaq rəyini gözləmək lazımdır”.

C.Abbaslı deyib ki, əhaliyə kompensasiya verilə bilər:

“Əgər sübut olunsa ki, qızıl mədəni işə başlayandan sonra yerli əhalinin səhhətində problemlər yaranıb, o zaman mütləq şəkildə sakinlərə kompensasiya ödənilməlidir. Bundan əlavə, əgər bu problem davam edərsə, o zaman da qanunla kompensasiya verilməlidir”.

C.Abbaslının sözlərinə görə, Söyüdlüdə ikinci göl yaradılmayacaq:

“İkinci gölün yaradılması ilə bağlı kənd sakinləri artıq ortaya mövqe qoyublar. Baş verən məlum insidentdən bir gün sonra icra başçısının həmin əraziyə gəlməsi və bir neçə dəfə əminlikə o gölün tikilməyəcəyi barədə açıqlama verməsi onu deməyə əsas verir ki, ikinci göl salınmayacaq. Əslində, bu baş verən aksiyada insanların tələbləri arasında bəlkə də yerinə yetirilmiş ilk və yeganə tələb bu olacaq”.

Zaira Akifqızı
Globalinfo.az