Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu son ayyarımda ikinci dəfə İrana səfər edib. Moskvanın Tehranla intensivləşən danışıqları, əlaqələri nədən xəbər verir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, bu, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Rusiyaya səfərinə cavab ziyarətidir:
“Əhmədian rəsmi Moskvaya Zəngəzur dəhlizi ilə bağlı Tehran hakimiyyətinin mövqeyini təqdim etmişdi. Sergey Şoyqunun İrana Kremlin cavabını apardığını hesab edirəm. Rusiya proseslə bağlı mövqeyini artıq bəyan edib. Bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ 10 noyabr bəyanatına uyğun olaraq açıla bilər. Onun bu mövqeyi dəyişməzdir”.
Politoloqun sözlərinə görə, İran Rusiya ilə mövqelərini uzlaşdırmağa çalışır:
Sədrəddin Soltan
“Rusiya və İran arasında ikitərəfli əməkdaşlığa dair strateji müttəfiqlik müqaviləsi uzun müddətdir ki, imzalanmır. Bu müqavilənin imzalanması 2024-cü ilin əvvəllərində nəzərdə tutulmuşdu. Prezident İbrahim Rəisinin həlak olmasının ardınca prosesin prezident seçkilərindən sonra baş tutması planlaşdırıldı. Lakin hələ də proses reallaşmayıb. Bəziləri hesab edir ki, BRİCS-in Kazanda baş tutacaq toplantısında sözügedən saziş imzalana bilər. Bütün hallarda Rusiya və İran arasında bir sıra problemlər var ki, onların həlli ilə bağlı Sergey Şoyqu Moskvanın mövqeyini İrana təqdim edəcək”.
Safura Bənnayeva
Globalinfo.az













