2484 kreml

Xəbər verdiyimiz kimi, Rusiyanın Qara dənizdəki Novorossiysk limanında “Urals” markalı neftin bir barrelinin qiyməti 36 dollara qədər azalıb. Eyni tendensiya Baltik dənizi limanlarında da müşahidə olunub. Sözügedən proses qlobal enerji bazarında yeni qeyri-müəyyənlik yaradıb. ABŞ-ın sanksiya riski alıcı ölkələri geri çəkilməyə vadar etdikcə, Moskvanın ixrac imkanları daha da məhdudlaşır. Ekspertlərin fikrincə, Çin və Hindistanın belə neftdən imtinası tendensiyanın qlobal miqyas ala biləcəyini göstərir. Bu vəziyyət Rusiyanın enerji gəlirləri üçün ciddi təhdid yaradır, lakin paralel olaraq, Avropa ölkələrinin Kremllə gizli alışları müzakirə obyekti olub.

Rusiyanın aqibəti necə olacaq? Avropanın aparıcı ölkələri gizli şəkildə Rusiyadan neft və qaz almaqda davam edirmi?

Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, hazırkı durum Ukrayna ilə Rusiya arasında yaşanan müharibə ilə əlaqədardır:

“Proses göstərir ki, oktyabrın 24-də ABŞ-ın Maliyyə Nazirliyinin Rusiyanın iki böyük neft nəhəngi olan “Rosneft”, “Lukoil” və onların törəmə şirkətlərinə tətbiq etdiyi sanksiyalar ciddi təsirə malikdir. Noyabrın əvvəlindən Türkiyə də artıq Rusiya neftini idxal etmir. Bu, sadəcə statistika deyil, real göstəricidir. Digər tərəfdən, Hindistan da Rusiya neftinin idxalını nəzərəçarpacaq dərəcədə azaldıb. Bununla yanaşı, Çinin iki dövlət şirkəti və ümumilikdə beşə yaxın iri şirkəti də qonşu ölkənin neftini almağı dayandırıb. Nəticədə Rusiyada neft bolluğu yaranır, çünki satmaq üçün bazar tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən neftin qiyməti enir”.

ilham saban

İlham Şaban

Ekspert bildirib ki, Moskva tədricən ənənəvi bazarlarını itirmək təhlükəsi ilə üz-üzədir:

“Bütün bu addımların əsas məqsədi Rusiyanın neft gəlirlərini maksimum azaltmaq və ölkəni Ukrayna müharibəsi fonunda danışıqlar masasına oturmağa məcbur etməkdir. Üç aydan sonra müharibənin dörd ili tamam olur və Qərbin strategiyası getdikcə daha sərt xətt üzrə davam edir. Beləliklə, Rusiya “sanksiyalar təsir etmir” desə də, real nəticələr bunun tam əksini göstərir. Görünən odur ki, bu neqativ təsirin gücü gündən-günə daha da artacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: