Şimali Qafqazla bağlı dəhşətli ssenari – Rusiyaya qarşı “B planı” alınacaqmı?

“Dağıstanda törədilən terror aktı ilk belə hal deyil. Böyük ehtimalla son da olmayacaq”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Dağıstanda baş verən terakt və bunun Azərbaycana təsirləri haqda danışarkən deyib:

Onun sözlərinə görə, Dağıstanda çox ciddi problemlər var:

“Birincisi, Dağıstanda etnoslar çoxdur. Əksər etnoslar arasında dil, adət-ənənə fərqi var. Bu da onların milli kimlik, birlik imkanlarını aşağı salır.
İkincisi, Dağıstanda ciddi məzhəb fərqi var. Həm sunni, həm də şiə etiqadına inanan insanlar arasında vaxtaşırı məzhəb problemi yaranır.

Üçüncüsü, Dağıstanda dini teokratiya ciddi mənada hakimdir. Xüsusilə “sələfi”, “vəhabi” dediyimiz qruplar burada çoxluq təşkil edir. Bu da öz növbəsində Dağıstanı kənar təsirlərə açıq edir”.


Qabil Hüseynli

Politoloq deyib ki, Dağıstanda terakt və silahlı toqquşma riski yüksəkdir və bu bir gün hətta vətəndaş müharibəsinə səbəb ola bilər:

“Terakt sonrası gözlər hadisənin kim və kimlər tərəfindən törədildiyinə yönəldi, amma hesab edirəm burada kənar təsir yoxdur. Dağıstan yuxarıda da qeyd etdiyi faktorlara görə problemli yerdir.

Ən adi şeydən Dağıstanda insident baş verə bilər və bu, kütləvi hal da ala bilər. Bunun örnəyini yaxın tarixdə görmüşük. Qan davası, namus üstə cinayətlər də Dağıstanda tez-tez baş verir.

Diqqətçəkən məqam Rusiyanın ən son anda Dağıstandakı proseslərə müdaxilə etməsidir. Yəni bu vəziyyət görünür Rusiyanın da maraqlarına uyğundur. Kreml ümumiyyətlə şimali Qafqazı bu xaos vəziyyəti ilə idarə edir. Yəni təkcə Dağıstan deyil digər respublikalarda da vəziyyət belədir”.

Q.Hüseynli deyib ki, Dağıstanda baş verən terakt bir daha Azərbaycan dövlət sərhədlərinin bağlı qalmasının vacib olduğunu təsdiq edir:

“Pandemiya səbəbindən bağlı qalan sərhədlər hazırda sırf təhlükəsizlik məqsədi ilə açılmır. Hesab edirəm bu rejim bir müddət davam etməlidir. İstər Dağıstanda, istərsə də İranda teraktlar olduğu üçün ölkə təhlükəsizliyimizə risklər çoxdur. Yəni terror ölkəmizə sıçraya bilər. Buna görə də mövcud vəziyyət hələ bir müddət davam etməlidir”.

Turan Rzayev
Globalinfo.az