Noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin müstəqillik günüdür. Bu il ŞKTC-nin elan olunmasının 40-cı il dönümü qeyd olunur.
Globalinfo.az bildirir ki, 1974-cü ilin yayında Türkiyə Silahlı Qüvvələri Kiprdə sülhməramlı əməliyyat keçirib. Əməliyyat Türkiyənin dövrün baş naziri Bülənt Ecevit və baş nazirin müavini Necmettin Erbakanın şəxsi göstərişi ilə Kiprdə etnik türklərə qarşı zorakılıq və təzyiqlərə cavab olaraq başlayıb. Türkiyə hərbçilərinin əməliyyatları Kiprdə axan qanı dayandırıb və adaya sülh gətirib. 1975-ci il fevralın 13-də Kipr Türk federal dövləti yaradılıb.
1983-cü il noyabrın 15-də Kipr Türk Federal Dövlətinin Qanunvericilik Məclisi Şimali Kipr Türk Cümhuriyyətini elan edib.
7 may 1985-ci il konstitusiyasına görə, ölkədə idarəetmə forması yarı prezidentdir. Prezident ümumxalq səsverməsi ilə 5 il müddətinə seçilir. Birpalatalı parlament proporsional əsasda 5 il müddətinə seçilən 50 üzvdən ibarətdir.
Kipr məsələsi ilə bağlı danışıqlar 1968-ci il iyunun 3-dən davam edir və yunan tərəfinin destruktiv mövqeyi ucbatından irəliləyiş olmadığı üçün dəfələrlə yarımçıq qalıb.
Ötən ay tarixdə ilk dəfə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin rəhbər heyətinin, prezident Ersin Tatar başda olmaqla Azərbaycana səfəri baş tutub.
Məlumat üçün onu da bildirək ki, bu gün Bakıda ŞKTC-nin müstəqilliyinin ildönümü ilə bağlı tədbir keçiriləcək.














