“Kipr probleminin həlli üçün BMT baş katibinin vasitəçiliyi ilə görüşün keçiriləməsinə əsas yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar deyib.
“Baş katibdən üçtərəfli görüş üçün heç bir dəvət yoxdur. Biz görüşün keçirilməsinə indiki şərtlər daxilində razı deyilik”, – o bildirib.
E.Tatar danışıqların Şimali Kipr Respublikasının suveren bərabərliyi və bərabər beynəlxalq statusu qeyd olunmayana qədər keçirilməyəcəyini bildirib:
“Yunanların niyyəti budur ki, müəyyən təəssürat yaradıb, təzyiqlərə cəhd etsinlər. Biz belə oyunlara getmirik. Problemin federativ əsas həlli məsələsi 2017-ci ildə Kran-Montana danışıqlarında bitdi, ona görə də türk tərəfi onu yeniləmək niyyətində deyil. Ümumi nöqteyi-nəzərin mövcud olmaması aydındır və bunun üçün üçtərəfli görüşə, ya da hansısa başqa formata ehtiyac yoxdur”.
Qeyd edək ki, dünən BMT baş katibi Antonio Quterreş hər iki Kipr icmasını Nyu-Yorkda görüşə dəvət edib. Yunan lider Quterreşin təklifini qəbul etdiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az














