Sertifikasiyadan keçə bilməyən müəllimlər… – ŞAD XƏBƏR

Təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 3424 ibtidai sinif, 485 nəfər isə Azərbaycan dili və ədəbiyyat müəllimi test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Burada problem nədən qaynaqlanır?

Sertifikasiya keyfiyyətli müəllimləri üzə çıxarmağa kömək edəcəkmi?

Mövzunu Globalinfo.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, sertifikasiya Azərbaycanda bilik və bacarıqlarına uyğun müəllimlərin əməkhaqqını müəyyənləşdirən bir qaydadır.

Onun sözlərinə görə, Azərbaycan təhsil sistemində kifayət qədər müəllim var:

“Tədrisin təşkilində müxtəlif imkanları səfərbər edən və ya passiv olan müəllimlər eyni əməkhaqqı alırlar. Amma sertifikasiya çalışqan müəllimlərlə digər müəllimləri fərqləndirməyə imkan verən bir prosesdir. 2022-ci ildə bu proses başlayanda düşünürdük ki, hər bir fənn üzrə minimum 10-12 faiz müəllim bu sertifikasiyadan keçə bilməyəcək. Buna qədər 2014-18-ci illərdə keçirilən diaqnostik imtahanlar bunu deməyə əsas verirdi ki, müəllimlər öz üzərlərində işləmirlər. Dünyanın bütün inkişaf etmiş ölkələrində sertifikasiya var. Burada isə müəllimin bacarıqları yoxlanılır. Sertifikasiya indiyə qədər keçirilən bütün qiymətləndirmə arasında ən fərqlisi və ali olanıdır. Bu sertifikasiya imtahanı ləğv olunmayacaq. Bildiyiniz kimi, artıq 4 minə yaxın müəllim öz işini itirib. Bu o demək deyil ki, biz o insanların yenidən təhsil sistemində işləmək hüququnu məhdudlaşdırırıq”.

K.Əsədov deyib ki, sertifikasiyadan kəsilən müəllimlər adi qaydada növbəti ildən etibarən MİQ vasitəsilə işə qəbul ola bilərlər:

“Əgər onlar bu müddət ərzində öz üzərlərində çalışsalar, bilik və bacarıqları yetərli olarsa, yenidən müəllim ola bilərlər. Elm və təhsil naziri humanizm prinsipini irəli sürərək həmin şəxslərin məktəblərdə digər sosial pedaqoq yerlərində çalışmasında maraqlıdır. Çünki onların məktəblə bağlı təcrübələri, bilikləri, bacarıqları var və əlbəttə ki, bu, birmənalı şəkildə onlara yenidən təhsil sistemində işləmək icazəsi verir. 20-30 illik müəllim stajı olan kadrların sertifikasiyaya cəlb olunması normaldır. Çünki müasir dövrün öz tələbləri var. BMT-nin 2030-cu illə bağlı hədəflərindən biri yüksək ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsidir. Bunun əsas məqsədi dəyişən dünyada yeni müəllim kontingentinin formalaşmasıdır ki, yenilik baş verir”.

Ekspertin fikrincə, pandemiyadan sonra peşəkar, şagirdlərlə işləyə bilən müəllimlər lazımdır:

“Bu məsələyə heç də elə baxmayaq ki, biz 4 min insanı itirdik. Əksinə, onların yerinə 4 min daha hazırlıqlı, bacarıqlı, gənc, enerjili şəxsləri MİQ-dən daxil edəcəyik. Kimsə desə ki, “gənclər sinifi idarə edə bilmirlər”, bu, yanlışdır. Gənclərə şans verməliyik. Həmin insanlar 20-30 il təhsil sistemində çalışıblar. Ən azından o dərslikləri dəfələrlə təkrar ediblər. İllər ərzində dərsliklər dəyişsə də, mövzu dəyişməyib. Yəni bizim sertifikasiyaya cəlb etdiyimiz müəllimlərə heç də fərqli bir sahədən test tapşırıqları təqdim edilmir. İllərlə uşaqlara öyrətdətdikləri mövzulardan suallar salmışıq. Təəssüf ki, onlar da 0-29 bal arası toplayıblar. Bu, yaxşı nəticə deyil”.

Kamran Əsədov sertifikasiyadan keçə bilməyən müəllimlərin yanında olduqlarını bildirib:

“Demirik ki, həmin müəllimləri tamamilə sistemdən uzaqlaşdıracağıq. Dünyanın müxtəlif ölkələrində daha sərt qaydalar var. Amma Azərbaycan humanizm nümayiş etdirərək, keçən il sertifikasiyadan kəsilənlərə şans verdi ki, üzərlərində çalışsınlar. Təkrar sertifikasiyaya gələnlər bir il ərzində öz üzərlərində çalışmalı idilər. Lakin nə baş verdi? Həmin müəllimlərin üzərlərində çalışmadıqlarının şahidi olduq”.

Ekspert deyib ki, bəzi müəllimlər fərqli üsullara əl atıblar:

“Onlar əyri yollara əl atmağa cəhd edirdilər, kimlərisə tapırdılar ki, bəlkə, qiymət və bal yazdırarlar. Seçdikləri yaxşı yanaşma tərzi deyil. Bu gün əsas hədəf daha peşəkar Azərbaycan müəllimi formalaşdırmaqdır. Heç bir təhsil sisteminin səviyyəsi müəllimin bilik səviyyəsindən üstün deyil. Müəllimlərimiz 1,6 milyon şagirdə dərs deyirlər. Bu da o deməkdir ki, həmin 4 minə yaxın müəllim nə qədər şagird yetişdirib. Ən strateji iki ixtisas var – ibtidai sinif müəllimliyi, yəni uşaqların təməlini qoyanlar, onlara öz ana dilində oxumağı, yazmağı öyrədənlər və Azərbaycan dili və ədəbiyyat müəllimləri. Onlar arasında da bu qədər müəllim keçid balını toplaya bilmirsə, əlbəttə ki, onların müəllim olaraq dövlət məktəblərində qalmaqlarında maraqlı olmamalıyıq”.

K.Əsədovun fikrincə, 20-30 ilin müəllimi özünün tədris etdiyi fəndən suallara cavab verə bilmirsə, bu, yaxşı iş deyil:

“Həmin müəllimlər növbəti ildən etibarən hər kəs kimi MİQ imtahanına girə bilərlər. Onları sistemdən məcbur uzaqlaşdıran yoxdur. Heç bir halda onların sertifikasiyası dayandırılmayacaq, sertifikasiya imtahanları ləğv olunmayacaq. Bu proses davam etməlidir. İmtahanlar növbəti illərdə çətin, olduqca sərt olmalıdır ki, biz daha da peşəkar müəllimləri sistemdə saxlayaq. Sertifikasiya Azərbaycanda təhsil sisteminin inkişafına, uşaqların yüksək bilik və bacarıq əldə etməsinə gətirib çıxaracaq. Çünki onlarla daha peşəkar müəllimlər çalışacaqlar”.

Zaira Akifqızı
Globalinfo.az