“Mixail Saakaşvili adlı avantürist Gürcüstanda yaşayan ermənilərə müraciət edərək onların vətənpərvərliyi və müdrikliyinə güvəndiyini bildirib”.
Globalinfo.az xəbər verir ki, bunu erməni tarixçi Vahe Sərkisyan deyib.
O, Gürcüstanın keçmiş prezidentinin oktyabrda keçiriləcək parlament seçkiləri səbəbi ilə erməni xalqına müraciətinə cavab verib:
“Cənab Mişiko, erməni xalqı sizin “Avropa yolu”nuzla gətirdiyiniz o çekist, cəhənnəm, çirkin illəri yaxşı xatırlayır. Siz Cavaxda, Tbilisidə erməni mədəniyyətini öldürmüsünüz. Təkcə Cavaxda yaşayan ermənilərdən milyardlar götürmüsünüz. Sənin hakimiyyətin dövründə ermənilər Ermənistanda Cavaxa, Batuma, Tbilisiyə getməyə qorxurdular. Bir çox ermənilərin sırf siyasi səbəblərə görə Gürcüstana girişinə qadağa qoyulmuşdu. Erməni müəllimlər oraya kitablar aparanda sərhəddə sorğu-sual edilirdilər. Cavaxda erməni məsələlərindən danışmaq cinayət sayılırdı.
Ermənistanla isə hətta Yuxarı Lars keçid məntəqəsini bağladınız. İndi erməni xalqının vətənpərvərliyinə arxalandığını demək mənəviyyatsızlıqdır”.
Qeyd edək ki, sabah Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bir qədər əvvəl M.Saakaşvili ölkəsindəki azərbaycanlılara və ermənilərə müraciət edib.
Ayşən Mustafa
Globalinfo.az













