Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ölkənin xaricdəki diplomatik nümayəndələrinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinə səfərinin detalları məlum olub.
Globalinfo.az xəbər verir ki, “Hraparak” səfərin çətin keçdiyini və kənd sakinlərinin onları narazılıqla qarşıladığını yazıb.
Məlumata görə, Dilican rayonunda davam edən iki günlük seminarın yekununda sərhədə səfər olacağı haqda Kirants bələdiyyəsinə heç bir xəbər verilməyib. XİN başçısı və səfirlər anidən kəndə gediblər. Onları çox sayda hüquq-mühafizə orqanı nümayəndələri müşayiət edib.
Səfər zamanı onlar demarkasiya edilmiş sərhəd xəttinə və mübahisəli məktəb ərazisinə baş çəkiblər. Sakinlər Mirzoyan və səfirlərin gəlişindən xəbər tutan kimi onların olduğu yerə axın edib. Lakin İrəvan rəsmiləsinə yaxınlaşmağa icazə verilməyib. Buna rəğmən insanlar etiraz səsini yüksəltməyə başlayıb və müxtəlif şüarlar səsləndiriblər. Kənd sakinlərindən biri XİN başçısı və diplomatlara Baş nazir Nikol Paşinyanı nəzərdə tutaraq “Paşoğlunun qulları” deyib.
Məlumata görə, rəsmilərin səfəri zamanı əhalinin narazılığının mediada işıqlandırılmamasına çalışılıb.
Ayşən Mustafa
Globalinfo.az














