“Bu gün Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümüdür. Əlbəttə ötən dövr ərzində Azərbaycan polisi daim xalqımızın təhlükəsizliyinin keşiyində durub. Daim ən qaynar nöqtələrdə, ən çətin və həyati əhəmiyyətli hadisələrdə yanımızda olub. Həmişə son ümid yeri Azərbaycan polisi olub. Bu fakt danılmazdır ki, şərəfli yol keçən Azərbaycan Polisi həm Ulu öndər Heydər Əliyev tərəfindən, həm də cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub.
Daxili işlər orqanlarının fəaliyyəti hər daim qüsursuz və operativ olub. Məhz 1998-ci ildə Ümummilli Liderin imzaladığı fərmanla 2 iyul Azərbaycan Polis Günü elan edilib. Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Cənab Prezident də Azərbaycan Polisinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı daim Azərbaycan Polisinin texniki təchizatının, sosial təminatının yaxşılaşdırılması üçün müvafiq addımlar atır. Müvafiq Dövlət Proqramının qəbul edilməsi və Daxili İşlər Nazirliyinin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması deyilənlərin əyani sübutudur. Bu gün xalqımız polisimizlə fəxr edir. Çünki Azərbaycan polisi hər yerdə vətəndaşın yanındadır. İstər döyüş bölgəsi, istər paytaxt, istər ucqar kənd və s. Bu orqan əməkdaşları gecə-gündüz xalqımızın keşiyində xidmət göstərir. Bu baxımdan polisimizin əmrinə tabe olmaq və qanun pozuntularına yol verməməklə yaşamağa uyğunlaşmaq hamımız üçün təməl prinsiplər olmalıdır. Bu gün Azərbaycan polisinin fəaliyyəti göz önündədir. Azərbaycan sabitlik adasıdır.
Bizim istirahət etdiyimiz vaxt polis çalışır. Biz bayram qeyd edərkən polisimiz gücləndirilmiş iş rejimində bizim rahatlığımızı təmin edir.
Təhlükəsizliyimizlə bağlı ən son ümid yeri kimi polisə baxırıq. Hətta bəzən polisin fəaliyyətindən irad tutmaq niyyətində olanlar da özü çətinə düşəndə ilk müraciət etdiyi orqan məhz polisimizdir. Hansısa bir problem yarananda, bir çətinliyə düşəndə yenə “102”-nı yığacam deyərək vətəndaşlarımız polisi yığır.
Polis bizim daxili, ictimai təhükəsizliyimizlə bərabər həm də bir insani dəyərlərimizə hörməti nümunə kimi ortaya qoyur. Azmı gördük, sel, yağış, təbii fəlakət vaxtı avtomobilləri seldən, yağışdan çıxaran, qocanı, uşağı, yaşlını çaylardan özünü isladaraq keçirən, çətinə düşən insanlara vətəndaş kimi dəstəyini verən, əlçatmaz, çətin anlarda hər hansı bir problemin həll olunmasında ilk olaraq polisin yetişməsini… Bu orqan dövlətin bel sütunlarından biri kimi müharibə dövrlərində, dinc dövrlərdə, ölkə problemlə üz-üzə qalanda bir əsgər rolunu həyata keçirir.
Azərbaycan polisi çox incə məqamlara da diqqət yetirir. Milli adət-ənənələrdə qadına diqqət, uşağa qayğı, yaşlı insanlara hörmət məsələləri var. Elə məqamlarda polisin həmin qanunlarla bərabər qaydalara da riayət elədiyini görmüşük. Çox adam danışır ki, avtomobildə ailəmlə birlikdə gedərkən hansısa qayda pozmuşduq. Gördülər ailəm yanımdadır, bunu nəzərə aldılar, hətta yardım belə etdilər.
Təbii olaraq polis sistemində də müəyyən neqativlər olur. Bu peşəyə, ada yaraşmayan rəftar edənlərə rast gəlinir. Amma belə əməkdaşlara heç vaxt güzəşt edilmir. Dərhal polis sıralarından uzaqlaşdırılır. Belələrinin nöqsanları aşkara çıxanda rəhbərlik lazımı addım atıb. Bu proses bu gün də davam edir.
Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir. Polis həm çətin, həm də şərəfli bir peşədir. Şərəfli peşəni şərəflə yerinə yetirən Azərbaycan polisi, günün mübarək…
Vüqar İskəndərov
Milli Məclisin deputatı














