Serbiyanın ölkəmizdəki səfiri Lənkəranda olub – FOTO

İyunun 27-də Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç Lənkəran rayonuna səfər edib.

Globalinfo.az xəbər verir ki, səfər çərçivəsində xarici diplomat Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb.

İcra başçısı Serbiya səfirinə Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi həyatı və sosial-iqtisadi potensialı barədə ətraflı məlumat verib, xarici diplomatla rayonun Serbiya ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə müzakirələr aparıb.

Taleh Qaraşov iki ölkə arasındakı strateji tərəfdaşlıq səviyyəsində olan qarşılıqlı əlaqələrin dövlət başçılarının səyi nəticəsində daha da möhkəmlənməkdə olduğunu vurğulayıb. Azərbaycanla-Serbiya arasındakı viza rejiminin ləğv olunmasına toxunan icra başçısı bildirib ki, bu, hər iki ölkənin turizm sektorunun inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək addımlardandır.

Səmimi qəbula və xoş söhbətə görə icra başçısına təşəkkür edən serbiyalı diplomat ölkələrimiz arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarekteri daşıdığını vurğulayıb, dövlət başçılarının dostluq münasibətlərinin Serbiya-Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsindəki xüsusi rolunu qeyd edib. Səfir Serbiyanın Lənkəranla qarşılıqlı iqtisadi, mədəni və xüsusilə turizm əlaqələrin qurulmasında maraqlı olduqlarını və əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində konkret addımların atılmasının mümkünlüyü barədə danışıb.

Görüşdə Serbiya səfirinə xatirə hədiyyəsi təqdim olunub.

Daha sonra xarici diplomat səfər çərçivəsində Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi, “Azərxalça” ASC-nin Lənkəran filialı, İstisu qəsəbəsində çay plantasiyası, Şağlaser kəndində çiyələk bağı və Xanbulançay dəryaçası ilə tanış olub.