Prezident İlham Əliyev 3 il ara ilə Cəbrayılda çıxışı zamanı Azərbaycanı təhdid edən iki mərkəzə sərt mesajlar göndərdi. 2021-ci il oktyabr ayının 5-də DSX-nin hərbi hissəsinin açılışında İ.Əliyevin çıxışı, burada nümayiş etdirilən İsrail istehsalı “Harop” dronunu sığallaması dünya və region mediasının manşetinə çıxdı.
Cəbrayıl, 5 oktyabr, 2021-ci il
Bu o vaxtlar idi ki, İran Azərbaycanı təhdid edirdi. Prezidentin həmin jesti Tehrana öldürücü cavab idi. 2024-cü ilin oktyabrında isə İlham Əliyev Cəbrayılda Qərbə, ABŞ-a sərt cavab verdi.
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Cəbrayıl işğaldan azad edilmiş ilk şəhərimiz olmaqla yanaşı, həm də bütövlüyümüzlə ayrılığımızın simvolu olan tarixi Xudafərin körpüsünün yerləşdiyi ərazidir:
“Xudafərin körpüsü Şəddadilər dövründə inşa edilib. Şəddadilər bizans-erməni qoşunlarını darmadağın edən, bölgədə oğuz türklərinin mövqeyini gücləndirən, daha sonra isə Səlcuqlulardan başlamış nəhəng türk imperiyalarının quruluşunda dolayısı ilə rol oynayan dövlət olub.
İndi Ali Baş Komandanın Xudafərin körpüsünün yerləşdiyi tarixi yurd yerimizdən səsləndirdiyi fikirlər, şübhəsiz ki, təsadüfi deyil. Cəbrayılda dedikləri “biz bu coğrafiyada varıq, olmuşuq, olacağıq” mesajlarıdır. Düşünürəm ki, bu xüsusda Azərbaycan Prezidentinin inaqurasiya mərasimində bizim türk dünyasına, ailəsinə məxsusluğumuzla bağlı səsləndirdiyi fikirlərlə Cəbrayıldan verdiyi mesajlar arasında sıx bağlılıq var”.
Turan Rzayev














