Seçkinin qalibləri və məğlubu danışdı: “Dövlət özü belə istədi, çünki…”

Seçkinin qalibləri və məğlubu danışdı: “Dövlət özü belə istədi, çünki...”

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri açıqlandı. Seçki nəticələri ilə bağlı sosial şəbəkələrdə, habelə mediada geniş müzakirələr gedir. Nəticələr ilə razı olanlar qədər, narazı olanlar da var.

Globalinfo.az-a danışan Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən verilən Hikmət Babaoğlu deyib ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri milli demokratiya tariximizə qızıl hərflər ilə yazıldı:

“Çünki ilk dəfədir ki, seçicilər ölkənin bütün ərazilərində namizədlərinə səs verdi. Hesab edirəm, bu, ən böyük demokratiyadır, hüquq hadisəsidir.

İkincisi, ilk dəfə idi ki, siyasi sistemin daxili aktorları olan siyasi partiyaların mütləq əksəriyyəti parlament seçkilərində iştirak etdi. Bu günə qədər bu qədər kütləvilik olmamışdı. Rəsmi qeydiyyatdan keçmiş 26 partiyadan 25-i seçkidə iştirak etdi. 11 partiya nəticə etibarilə təmsil olunmaq haqqı qazandı.

Şübhəsiz ki, seçkilərin digər diqqətçəkən bir yanı da iştirakçılıq sayı idi. MSK-nın statistikasına görə 37 faizdən çox seçici iştirakı olub. Onu da deyim ki, oturuşmuş demokratiyalarda bu göstərici 20-25 faiz olur.

O ki qaldı YAP-ın qalib gəlməsinə, bu, gözlənilən idi. Hakim partiyanın gördüyü işlər, yaratdığı reallıqlar seçicilərin səsinə də təsir etdi. YAP-ın parlamentdə yerlərin əksəriyyətini qazanması da seçicilərin etimadının göstəricisidir”.

33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa namizəd olan Zahid Oruc isə deyib ki, seçki öz-özlüyündə yalnız ora qatılan qüvvələrin, iştirakçıların, iddiaçıların arasında gedən proses deyil:

“Seçki öz-özlüyündə həmin dövrün ictimai-siyasi həyatının bir parçasıdır. Misal üçün, 1990-cı illərə baxdıqda aparılan mübarizələri “sovetizimdən” yeni müstəqil Azərbaycan quruculuğa keçid və Qarabağ münaqişəsində formalaşan siyasi partiyaların hakimiyyət savaşı kimi görürük. 1995-ci ildən sonrakı dövrə baxdıqda formalaşan parlamentin də sabit olmadığını görürük. Belə ki, dövlətin təhlükəsizliyinə təhdid, separatizmə meydan vermə halları müşahidə edilirdi.

Ən önəmlisi isə az qala üç aydan bir çevrilişlə cəhd olurdu. Yəni parlament bir növ dövlətin dayaqlarını sarsıdan mexanizmə çevrilmişdi. 2000-ci illərdən sonra bu proses bir qədər sabitləşdi.

Seçkinin qalibləri və məğlubu danışdı: “Dövlət özü belə istədi, çünki...”

İndiki halda dövlət Ali Baş Komandanın liderliyində ən böyük savaşı udub. Hesab edirəm, müharibə bütün seçkilərdən daha amansızdır. Burada yalnız siyasət, platformalar savaşmır, sözün həqiqi mənasında qanlı nəticələr olur. Dövlətin özünün taleyi müharibələrdə təyin olunur. Buna görə dövlət hakimiyyət institutlarını formalaşdırarkən bunun nisbətən sakit, aşağı tempdə olmasını istədi. Bu qətiyyən qeyri-hüquqi hadisə deyil. Hesab edirəm, bu, normal bir hadisədir.

Bu gün seçkilərdə iştirak edən siyasi partiyaların bir çoxu uzun illər sərbəst toplaşma azadlığından şikayət edirdilər. Lakin biz gördük ki, bütün rayonlarda müəyyən edilmiş açıq, qapalı ərazilər onlar tərəfindən tutulmadı. Yəni bu partiyaların dəstəkçilərini seçkilərdə görmədik.

Mən seçkilərin yekunlarını qiymətləndirərkən demək istəyirəm ki, səs qazanan insanların üzərinə məsuliyyət düşür. Bilavasitə seçilənlər onları seçənlərlə görüşməli, etimadını qazanmalıdır. Həqiqətən gözləntilər yerinə yetirilməsə sosial qırılmalar ola bilər. Xalqın gözləntiləri var. Hakimiyyət institutları onu yerinə yetirməlidir. Bu mənada Milli Məclis daha fərqli işlər ortaya qoymalıdır ki, onların etimadı doğrulsun”.

33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa namizəd olan Natiq Cəfərli hesab edir ki, ümumilikdə seçki prosesi ilə bağlı yadda qalan fakt o oldu ki, iştirakçı sayı az idi:

“Bu, rəsmi rəqəmlərlə də özünü göstərdi. Reallıqda ölkə əhalisinin çox az hissəsi seçkiyə gəldi. Bu, siyasi partiyaların çıxarmalı olduğu dərsdir. Vətəndaşların siyasi aktivliyinin bu qədər az olması ölkə üçün heç bir yaxşı vəd vermir.

Mövcud vəziyyət siyasi institutların böhranıdır. Seçki aktivliyi artarsa, vətəndaş seçkiyə gələrsə, rəqabət mühiti yarana bilər.

Hələlik seçkilərin hüquqi nəticələrini tanıyırıq. Amma aktivliyin azlığını da ciddi fakt kimi qeyd edirik”.

Turan Rzayev
Globalinfo.az