Seçkidən sonra gözlənilən şok yenilik – kimlər gedir, kimlər qalır?

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi xəbəri daxili siyasətdə aktivlik yaradıb. Artıq bir sıra müxalifət partiyaları seçkiyə hazırlığa başlayıb. Ekspertlər isə növbədənkənar prezident seçkilərindən sonra parlament seçkilərini tarixi proses olaraq qiymətləndirir.

Parlament seçkisindən sonra Azərbaycanda nələr dəyişəcək, kimlər gedəcək? Yenidən kadr dəyişikliyinə, idarəetmədə islahatlara gediləcəkmi?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, parlament seçkilərindən sonra Azərbaycanda, həm ölkəmiz, həm də bütövlükdə bölgəmiz və Türk Dünyası üçün tarixi əhəmiyyətli bir tədbir – COP29 keçiriləcək:

“Bu mötəbər, tarixi əhəmiyyət kəsb edən tədbir, istisnasız olaraq, həm ölkəmizə, həm də regiona öz müsbət təsirini göstərəcək. Bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən iqlim dəyişikləri ilə mübarizə, ətraf mühitin qorunması ön plana keçəcək və bu da şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının dünyagörüşünə, həyat tərzinə təsirsiz ötüşməyəcək.

Parlamentə gəldikdə isə bəlli olduğu kimi Azərbaycanda hakimiyyətin 3 qolu var. Onlardan biri də parlamentdir. Ölkədə prezident idarə üsulu olduğu üçün həyata keçirilən islahatların əsas ağırlığı icra strukturlarının üzərinə düşür. Qanunverici orqan isə şübhəsiz ki, islahatların həyata keçirilməsi üçün hüquqi bazanın hazırlanmasında, hüquqi-normativ aktların təkmilləşdirilməsində müstəsna rol oynayır.

Son illər bütün dünyada parlament diplomatiyası dövlətlərarası əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayır, bu istiqamətdə dövlət siyasətinə ciddi dəstək verirlər. Bu prosesin daha da intensivləşəcəyini və yeni istiqamətləri əhatə edəcəyini gözləyirəm. Ümid edirəm ki, TÜRKPA-nın fəaliyyətində də ciddi dəyişikliklər baş verəcək və Azərbaycan bu prosesdə də önəmli rol oynayacaq”.

Turan Rzayev
Globalinfo.az