2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Mətbəəyə gələrək, çap prosesinin gedişi və yaradılmış şəraitlə bilavasitə tanış olub.
Həmçinin vurğulayıb ki, seçki bülletenlərinin çap prosesi təhlükəsizliyin təmin edilməsi şərti ilə, seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir.
Seçki bülletenlərinin çap prosesi ilə tanışlıqdan sonra MSK sədrinin jurnalistlər üçün brifinqi keçirilib. Sədr Məzahir Pənahov mediaya açıqlamasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunduğunu, Prezident seçkiləri ilə əlaqədar 6 524 203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteni çap edilməsinin nəzərdə tutulduğunu bildirib.
Qeyd edib ki, seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.
Brifinqdə MSK sədri Prezident seçkilərinin yüksək səviyyədə təşkil olunub, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində son hazırlıq işləri barədə də ətraflı məlumat verib və media nümayəndələrinin suallarını cavablandırıb.



















