Vaxtaşırı ayrı-ayrı dövlət qurumlarının tenderlər elan etməsi və o tenderləri müxtəlif şirkətlərin qazanması ilə bağlı məlumatlar yayılır. Əksər vaxtlar tender əməliyyatları ilə bağlı ictimaiyyətdə, xüsusilə də bu sahəyə yaxın olan mütəxəssislərdə müəyyən suallar yaradır. Həm sosial şəbəkələrdə, həm mediada Azərbaycanda tenderlərin şəffaf olmaması ilə bağlı müzakirələr gedir.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, dövlət satınalmaları və tenderlərlə bağlı son dövrlərdə müəyyən addımlar atılsa da, hələlik bu istiqamətdə ictimai nəzarətin təşkilini yetərli hesab etmək olmaz.
O bildirib ki, ictimai nəzarət üçün gərəkli məsələlərdən biri həmin proseslərlə bağlı zamanında verilmiş doğru informasiyaya malik olmaqdır:
“Aidiyyəti dövlət qurumu bununla bağlı təhlillər, materiallar hazırlamalıdır. Yəni bu məsələlərdə keyfiyyətli ictimai nəzarəti təşkil etmək üçün keyfiyyətli informasiya resursları olmalıdır. İndiki halda problemli cəhəddən biri informasiyaların əldə olunmasıdır.
Biz portala baxsaq, orada ancaq sadə və məhdud sayda informasiyalar görə bilərik. Qalan informasiyalar isə nədənsə açıqlanmır. Eyni zamanda bununla bağlı digər məsələlər aidiyyatı dövlət qurumunun bu sahədə maraqlı tərəflərin iştirakı ilə müzakirələr təşkil etməsidir. Xatırlamıram ki, antiinhisar komitəsi son dövrlərdə belə bir müzakirə təşkil etsin.
Bir dəfə ilin sonunda ancaq jurnalistləri toplayıb statistikanı açıqladı, vəssalam. Amma ehtiyac var ki, ekspertlər, vətəndaş cəmiyyəti fəalları, bu sahə üzrə digər mütəxəssislər də jurnalistlərlə bərabər maraqlı tərəfin iştirakı ilə müzakirələr aparsın, orada suallar və cavablar olsun. Düşünürəm ki, bu sahədə görüləcək işlər çoxdur”.
Zaira Akifqızı
Globalinfo.az














