Vaxtaşırı şantaj mövzusu gündəmə gəlir. Belə ki, bəzi şəxslər sosial şəbəkə hesablarından yeniyetmə və gənc xanımların fotolarını əldə edərək, onları müxtəlif yolla şantaj edirlər. Qızların fotosunu paylaşır, üzərinə qeyri-etik sözlər yazır, bunu silməyin qarşılığında pul tələb edirlər.
Bunu edən şəxslərin kimliyini hansı yolla və necə müəyyən yetmək olar?
Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, bu hal çox ciddi bir cinayət əməli və kibertəhdiddir.
O deyib ki, şəxslərin fotolarının və ya videolarının oğurlanması, üzərində biabırçı sözlər yazılması və bu şəkildə şantaj edilməsi həm şəxsi məlumatların qorunmasının pozulması, həm də şantaj cinayətidir:
“Bu kimi halların qarşısını almaq və günahkarları müəyyən etmək üçün ilk növbədə belə vəziyyətlə üzləşən şəxs dərhal hüquq-mühafizə orqanlarına (polisə və ya prokurorluğa) müraciət etməlidir. Orqanlar xüsusi texnoloji vasitələrlə təhqiqat apara və həmin şəxslərin kimliyini müəyyən edə bilər. Bu tip cinayətlər xüsusilə kiber təhlükəsizlik və rəqəmsal izləmə sahəsində təcrübəli mütəxəssislərin köməyi ilə açılır. Mütəxəssislər həmin fotoların və şantaj edilən materialların mənbəyini müəyyənləşdirmək üçün IP ünvanlarını izləyə bilər. Bir başqa nümunə ilə əgər foto sosial mediada və ya onlayn platformalarda paylaşılıbsa, həmin platformalarla əlaqə saxlamaq vacibdir”.
Elvin Həsənov
E.Həsənovun sözlərinə görə, sosial media platformalarında şikayət etmək üçün xüsusi vasitələr var:
“Onlar bu tip kontenti araşdırır və hesabların sahiblərini müəyyən etməyə çalışır. Qanuna zidd hal təsdiqləndiyi halda şəkil və ya videolar silinir. Cinayətkarlar bəzən IP gizlədici texnologiyalardan (məsələn, VPN və ya Tor) istifadə edir. Belə hallarda kimliyin müəyyənləşdirilməsi daha çətin ola bilər, amma yenə də hüquq mühafizə orqanları xüsusi resurslar vasitəsilə izlər tapmağa çalışır”.
Zaira Akifqızı
Globalinfo.az














