İrəvan seperatçıların son liderini avtomobillə “vurdu”

İrəvan seperatçıların son liderini avtomobillə "vurdu"

Ermənistanda keçmiş qondarma rejimin sonuncu başçısı Samvel Şahramanyana cinayət işi açılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan bildirib.

Vəkilin sözlərinə görə, məsələ Şahramanyanın avtomobili ilə bağlıdır. İyun ayında Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri qondarma rejimin İrəvandakı binasına basqın edərək avtomobili müsadirə etmişdilər. Daha sonra bunun Şahramanyanın mühafizəçisinin narkotik məsələsinə görə saxlanılması və ona cinayət işinin açılması ilə bağlı olduğu bildirildi.

Vəkil deyir ki, avtomobilin qaytarılması üçün məhkəməyə ərizə yazdığı zaman Samvel Şahramanyana qarşı da cinayət işinin açıldığını öyrənib. Məlumata görə, qondarma rejimin “nümayəndələrinə” verilən avtomobilin Ermənistan hökumətinə qaytarılması ilə bağlı Şahramanyana xəbərdarlıq olunsa da, o, buna əməl etməyib. Nəticədə avtomobil zorla müsadirə olunub.

R.Yeritsyan separatçılara ümumilikdə 356 avomobilin verildiyini, Şahramanyanın da hökumətə onların taleyi ilə bağlı müzakirə təklif etdiyini bildirib. Lakin məsələ müsadirə ilə nəticələnib.

Ayşən Mustafa
Globalinfo.az