Sabirabadda nigeriyalı körpə öldü, cinayət işi açıldı

Sabirabadda yenidoğulmuş uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Globalinfo.az rayon prokurorluğuna istinadən xəbər verir ki, bu ilin avqustun 5-də Nigeriya vətəndaşı Osabuohien Glory Abiesin “Sabirabad RMX” PHŞ-nın Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan xəstəxananın həkimləri tərəfindən doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin icra edilməməsi müəyyən edilib. Həmçinin doğuş prosesinin başa çatdırılma üsulunun diaqnoza uyğun düzgün seçilməməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində uşağın doğuşdan bir gün sonra ölməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.