Sabirabadda dəhşətli yol qəzasında ölənlərdən biri müəllim olub.
Globalinfo.az bildirir ki, TNS-in məlumatına görə, hadisə nəticəsində dünyasını dəyişən Salatın Rəhman qızı Abuzərova Şirvan şəhərindəki orta məktəblərdən birində müəllim işləyirmiş. Əslən Sabirabad rayonundan olan S. Abuzərova səhər saatlarında yeni aldığı “Daewoo” markalı avtomobillə dərsə gedərkən qəzaya düşüb. S. Abuzərova hadisə yerində dünyasını dəyişib.
Xatırladaq ki, bu gün səhər saatlarında 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində olub.
“Toyota” markalı avtomobillə “Daewoo” markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.
Yaralılar Çölbeşdəli kənd sakini 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samur qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.
Avtomobillərdə sıxılıb qalmış meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
***10:33
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Qaraağac kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” və “Daewoo” markalı iki minik avtomobili toqquşub və 2 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***09:41
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.
Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yol nəqliyyat hadisəsi zamanı Sabirabad sakinləri- Umudov Samir Qurbanqulu oğlu, Hacıyev Manaf Poladxan oğlu və Şirvan şəhər sakini Abizərova Salatı Rəhman qızı ölüb.
Hadisə nəticəsində xəsarət alan iki nəfər isə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.














