Gürcüstan əhalisinin 32,4%-i parlament seçkisində hakim Gürcü Arzusu Partiyasına səs verməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bu nəticə “Edison Risöç” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Hakim partiyadan sonrakı yeri Birlik Bloku tutub. Bu bloka Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası və Aqmaşenebeli Strategiyası Partiyası daxildir. Onlara əhalinin 17,4%-i səs verməyə hazırdır. Sonrakı yerlərdə isə qərbyönlü Lelo Partiyası (12,8%), Gürcüstan üçün – Georgi Qaxariya (11,2%), Axali-Qirçi – Daha Çox Azadlıq Partiyaları (9,9%) və digərləri qərarlaşıb.
Sorğu iştirakçıları həmçinin müxalifət və hakimiyyət arasında seçim etsəydilər, kimə üstünlük verərdilər sualına da cavab veriblər. Respondentlərin 61%-i müxalifətə üstünlük verib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-da baş tutacaq. Həm müxalifət, həm də iqtidar seçkini taleyüklü adlandırırlar. Müxalifət seçkidə hökumətin qalib gələcəyi təqdirdə ölkənin avrointeqrasiyadan imtina edəcəyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az














