Gürcüstanın Baş Prokurorluğu 2016-cı ildə Vahid Milli Hərəkat Partiyasından olan deputat Qivi Tarqamadzeyə qarşı sui-qəsdə görə eks-prezident Mixail Saakaşvilini ittiham edib.
Globalinfo.az xəbər verir ki, prokurorluq sözügedən məsələyə görə saxlanılan David Xeçuaşvilinin etirafına əsasən bu ittihamın irəli sürüldüyünü bildirib.
Belə ki, Xeçuaşvilinin 2016-cı ildə bu tapşırığı Saakaşvilidən Şoto Çiçiaşvili adlı şəxs vasitəsilə aldığı vurğulanıb. Xeçuaşvili deyib ki, guya Saakaşvili Tarqamadzeyə güvənməyib və onun Gürcüstan hökumətiylə əməkdaşlıq etdiyini düşünüb.
Qeyd edək ki, Qivi Tarqamadzeyə sui-qəsd 2016-cı ildə Tbilisidə baş verib. Eks-deputat bu hücumdan kiçik yaralarla xilas ola bilib.
Bundan öncə Gürcüstanın boz kardinalı sayılan Bidzina İvanişvili partiyasının seçkidə qalib gələcəyi halda müxalifət partiyalarını buraxdıracağını açıqlayıb.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az














