İsveçdə “səfərbərlik” başladı – “Rusiyanın hücumu gözlənilir…”

İsveçin Baş naziri Ulf Kristersson deyib ki, ölkənin silahlı kontingenti 2025-ci ildən Latviyada yerləşdiriləcək. Hökumətin məqsədi Latviyada mövcud olan və Kanadanın rəhbərlik etdiyi qüvvələrin tərkibində batalyon kimi iştirak etməkdir.

İsveç mediası hərbi mənbələrə istinadən yazır ki, kontingentin tərkibinə zirehli personal daşıyıcıları, “CV 90” döyüş maşınları və “Leopard” tankları daxil olacaq.

Bir qədər əvvəl isə İsveçin mülki müdafiə naziri Karl Oskar Bollin deyib ki, “İsveçdə də savaş baş verə bilər, xalqımız müharibəyə hazır olmalıdır”. Nazir Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşdiyini və rəsmi Moskvanın ölkəsi üçün ciddi risk daşıdığını bildirib.

Maraqlıdır, İsveçin Latviyaya hərbi kontingent yerləşdirməsi ehtimal Rusiya hücumu ilə bağlıdır? Rəsmi Stokholmun NATO ölkəsinə kontingent yerləşdirməsi nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İsveç rəsmilərinin fikrincə Rusiya yaxın gələcəkdə Avropanın təhlükəsizliyinə ciddi təhdid olaraq qalacaq:

“Ümumiyyətlə, bir çox ekspertin fikrincə, Rusiya gələcəkdə İsveçə hücum edə bilər. Bu, heç də utopiya deyil. İsveç NATO-ya üzv olmağa hazırlaşır. Prosesin xeyli hissəsi artıq həllini tapıb. Alyansın genişlənməsi, əlbəttə, Moskvanın maraqlarına uyğun deyil.

Kənan Novruzov

Xatırladım ki, Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasının əsas səbəbi də məhz Kiyevin timsalında NATO-nun genişlənməsi cəhdləri olmuşdu. İndi də eyni ssenari təkrarlanır.

Ümumiyyətlə, Avropanın təhlükəsizliyi üçün ciddi təhdid var. Məsələn, daha əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tajani Avropanın vahid müdafiə ordusunun yaradılması barədə təklif vermişdi. Bu mənada İsveçin Baş naziri Ulf Kristerssonun dediklərində məntiq var.

Gələcəkdə İsveç silahlı kontingentinin Latviyada yerləşdirilməsi mümkündür. Bu, təkcə Latviyanın deyil, həm də İsveçin maraqlarına uyğundur. Stokholmun NATO-ya üzvlüyünə gəldikdə isə, dediyimiz kimi, prosesin xeyli hissəsi artıq həllini tapıb. 2025-ci ilə qədər İsveçin NATO-ya üzv olacağı gözlənilir”.

Turan Rzayev
Globalinfo.az