ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlməsindən sonra Rusiya-Ukrayna müharibəsinin hansı mərhələyə keçəcəyi maraq doğurmağa başlayıb. Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, materik Rusiyanı Krımla birləşdirən əraziyə nəzarət və Ukrayna silahlı qüvvələrinin zəiflədilməsi də daxil olmaqla, Ukrayna münaqişəsində əsas məqsədlərinə artıq çatıb. Ukrayna da öz növbəsində sülh danışıqlarına hazır olduqlarına dair fikirlər səsləndirir.
Hazırda Rusiya-Ukrayna münaqişəsində son durum necədir? ABŞ-ın sülh təklifinə Putin müsbət cavab verəcəkmi?
Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Rusiya-Ukrayna müharibəsinin bitməsində bütün dünya maraqlıdır:
“Şərqi Avropa və beynəlxalq arenanı təhlükə altında saxlayan məsələyə çevrilib. Hər iki tərəfin çox ciddi itkiləri var. Ukrayna torpaqları darmadağın olub, Rusiya iqtisadi sanksiyalarla qarşılaşıb. ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlməsi Rusiya-Ukrayna müharibəsində sülh məsələsini daha çox gündəmə gətirdi. Müharibənin cəbhədəki son vəziyyətinə baxsaq görərik ki, iki tərəf də bu müharibədə heç bir ciddi irəliləyiş əldə edə bilməyib. Bu Birinci Dünya müharibəsində mövqe döyüşlərini xatırladır. Boşuna tələfat verilməkdənsə, sülh müqaviləsinin imzalanması ən doğru addım olar. Rusiya Prezidenti Vladimir Putinin sülh ritorikasına üstünlük verdiyini göstərir. Həmçinin Ukrayna da o düşüncədədir”.
Kazım Kazımov
Politoloqun sözlərinə görə, hazırda müharibədə qalib tərəf yoxdur:
“ABŞ administrasiyası müharibəni tezliklə bitirəcəyini vəd edir. Amma ortada real plan yoxdur. Rusiya isə güzəştlər müqabilində sülhə razı olacağını bildirir. Ukraynanın həmin güzəştlərə razı olub-olmayacağı isə zamanla məlum olacaq”.
Safura Bənnayeva
Globalinfo.az














