Rusiya TIR-nın Xankəndiyə getməsi… – Politoloq mümkün ssenarini açdı

Rusiyanın Xankəndiyə göndərdiyi yardım TIR-nın Ağdam-Xankəndi yolundan keçidi təzadlı müzakirələrə səbəb olub.

Bir qisim bunun rəsmi Bakının maraqlarına uyğun olduğunu qeyd edir, TIR-ın Azərbaycanın dediyi yol vasitəsilə Xankəndiyə çatdırılması Moskvanın Azərbaycanın strategiyasına dəstəyi olaraq dəyərləndirilir.

Ancaq bunun rəsmi Bakının mövqeyinə ziyan vurduğu, Rusiyanın bu addımının başqa məqsədə xidmət etdiyini deyənlər də az deyil.

Bu TIR-ın Xankəndiyə keçməsi, yük aparması Azərbaycanın mövqeyinə ziddir, yoxsa, əksinə, bizə üstünlük qazandırdı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yeganə Hacıyeva bildirib ki, bunu Azərbaycanın müharibədən sonrakı dövrdə siyasi yolla qazandığı uğur adlandırmaq olar:

Yeganə Hacıyeva

“Azərbaycan Vətən müharibəsindən sonra ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün siyasi və diplomatik rıçaqlardan istifadəyə üstünlük verir. Biz 44 günlük müharibədə torpaqlarımızı hərbi yolla azad etdik. Lakin sonrakı mərhələdə, məsələn, Ermənistanla şərti sərhəddəki Laçın dəhlizi adlanan ərazidə sərhəd-buraxılış şərtlərimizi formalaşdırdıq. Bu və digər addımlar uzun müddətli hesabda digər ərazilərimizdə dövləti mövcudluğumuzu bərpa etmək strategiyamızın bir mərhələsidir. Bu mərhələləri bir-bir uğurla keçirik. 44 günlük müharibədən sonra Laçın şəhərinin mərkəzini azad etdik, ardınca Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsini formalaşdırdıq.

İndiki mərhələdə Azərbaycanın göstərdiyi yolla Xankəndiyə humanitar yüklərin daşınmasına nail olduq. Fransanın, Ermənistanın, Avropa Birliyi daxil bütün dünyanın Laçın yolunun yalançı blokadasının aradan qaldırılması ilə bağlı çağırışlarına rəğmən bunu bacardıq. Qeyd etmək lazımdır ki, bu yol humanitar məqsədlər üçün açıqdır, sadəcə kommersiya məqsədləri üçün limitlənmişdir”.

Politoloq qeyd edib ki, rus TIR-nın Qarabağa humanitar yardım çatdırmasını fərqli şəkildə təqdim etməyə çalışanlar var:

“Ağdam-Əsgəran-Xankəndi yolunun açılmasını birmənalı olaraq Vətən müharibəsindən sonra qeyri-hərbi yollarla qazandığımız uğurların siyahısına əlavə etməliyik. Biz bununla Xankəndidəki terrorçuların və havadarlarının yuvasını faktiki olaraq yarmış olduq. Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin memorandumu əsasında Xankəndiyə Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yüklərinin daşınmasına icazə verdik. Daxildə bu məsələni fərqli şəkildə təqdim etməyə çalışanlar var. Bu uğurun müəllifi Azərbaycan dövləti, rəhbəri və xalqıdır”.

Y.Hacıyeva bu yolun açılmasının Cənubi Qafqazın, ümumilikdə Avrasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu bildirib:

“Ağdam-Xankəndi yolunun açılması Xankəndiyə yük daşımalarında şəffaflığı təmin edəcək. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması da birmənalı olaraq daşımalarda şəffaflığı təmin etmək təşəbbüslərindən irəli gəlirdi. Bu, Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan etnik erməni sakinlərlə inteqrasiya təşəbbüsləri ilə bağlı atılan addımlar istiqamətində bir qələbədir”.

“Sonrakı mərhələlərdə nələr olacaq” sualına cavab verən politoloq deyib ki, bunun bir neçə cavabı var:

“Artıq Qarabağa keçmək üçün gözləyən yüklərin konkret şəkildə Ağdam-Xankəndi yolu vasitəsilə əraziyə keçidi təmin ediləcək. Bu bizə Xankəndiyə giriş və çıxışa nəzarət imkanları verir. Həmçinin Azərbaycan dövlətinin mövcudluğunu Qarabağın bütün ərazilərində bərpa etmək strategiyamızı daha tez həyata keçirməyimizə şərait yaradacaq”.

Y.Hacıyevanın sözlərinə görə, prosesdə nisbətən tələskənliyin müşahidə edilməsi müəyyən narahatlığın yaranmasına səbəb ola bilər:

“Biz mərhələli şəkildə proseslərin inkişafını həyata keçiririk. Nəticədə sadəcə Qarabağın deyil, ümumi Cənubi Qafqaz regionunun təhlükəsizliyini təmin etmiş oluruq. Çünki bu regionun təhlükəsizliyi hazırda Şimal və Cənub arasında daşımaların təhlükəli olduğu bir zamanda vacib elementdir. Yəni biz sadəcə öz ərazi bütövlüyümüzü, Qarabağda konstitusiyamızın şərtlərini təmin etmiş olmuruq, həm də Cənubi Qafqaz regionunun təhlükəsizliyini təmin etməklə Avrasiya qitəsinin təhlükəsizliyinə töhfə veririk”.

Ayşən Mustafa
Globalinfo.az