Qərb ölkələrindən sonra Ermənistanda daBelarusa qarşı media kampaniyası başladılıb.
Globalinfo.az xəbər verir ki, kampaniya əsasən hökumətyönlü media tərəfindən aparılır. Bununla bərabər hakim partiyaya yaxın simalar Belarusu Azərbaycana silah tədarükündə ittiham etməyə başlayıblar.
Bu gün Azadlıq Radiosunun erməni xidmətinə müsahibə verən Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədri Andranik Köçəryan Belarusun Azərbaycana “Polonez” reaktiv sistemlərini 120 milyon dollara satdığını iddia edib. O bu sistemlərin Ermənistanın bütün sərhədi boyunca gərginlik yaratdığını deyib. Köçəryan bu sistemlərin II Qarabağ müharibəsində tətbiq edilib-edilmədiyinə aydınlıq gətirməyib:
“Bəlkə də tətbiq edilib, amma biz onu qeydə almamışıq. Sadəcə bilirik ki, bu sistemlər əsasən Naxçıvan istiqamətində yerləşdirilib. Ermənistan buna görə bütün səviyyələrdə Belarusa reaksiya verib”.
Qeyd edək ki, Ermənistanla Belarusun münasibətləri dünən Paşinyanın Lukaşenkonu ittihamından sonra pisləşməyə başlayıb. O, Lukaşenko dönəmində heç vaxt Belarusu ziyarət etməyəcəyini deyib. Buna səbəb kimi Belarusun Azərbaycana II Qarabağ müharibəsindən əvvəlki silah tədarükünü göstərib. Bundan sonra Belarus Ermənistandakı, Ermənistan Belarusdakı səfirini geri çağırıb. Diqqətçəkən məqam isə Paşinyanın bu böhranı Ermənistanın KTMT-dən çıxmaq istədiyini dilə gətirməsi fonunda başlatması olub.
Əliyar Xəlil
Globalinfo.az