Rusiya “qırmızı xətt”ə yaxınlaşır – Avropada qlobal savaş təşvişi başladı

Qərbin Ukrayna ilə bağlı planları yenilənir. Təxminən iki ildir davam edən Rusiya-Ukrayna müharibəsində maraqlı olan dövlətlər tərəflərə dəstək verməyə davam edirlər. Rəsmi Kiyevə isə həm hərbi, həm də maddi dəstək artırılır: Almaniya Ukraynaya yardımı 4 milyard avrodan 8 milyard avroya qaldırıb. Lakin Qərbin davamlı yardımına, eləcə də Rusiyaya qarşı saysız sanksiyalara baxmayaraq, hələ də müharibənin gedişində dönüş müşahidə olunmur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov qeyd edib ki, dünyada yaranan yeni reallıqlar, İsrail-HƏMAS münaqişəsi vəziyyəti daha da gərginləşdirib:

“Artıq ABŞ və Qərbin diqqəti İsrailə yardıma yönəlib. Hətta ABŞ Prezidenti Co Bayden İsrail və Ukraynaya yardım paketinin ayrılması məsələsi ilə bağlı Konqresə müraciət edib. Konqres isə İsrailə dəstək verilməsi məsələsini önə çəkdiyi üçün Demokratlar razılıq vermədi və məsələ bağlandı. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp  isə müharibənin dayandırılması istiqamətində fikirlər irəli sürür. Lakin savaşın dayandırılmasına nə Ukrayna, nə də Demokratlar razıdır”.

Elşad Həsənov

Politoloq bildirib ki, Rusiyanın qələbə qazanması Avropanın məğlubiyyəti hesab olunacaq:

“Almaniya Ukraynaya yardımı buna görə artırır. Rusiya da etiraf edir ki, Ukrayna ilə deyil, NATO ölkələri və ABŞ-la müharibə aparır. Müharibənin tezliklə başa çatacağı gözlənilmir. Moskvanın Kiyevə “İsgəndər”lərlə hücum etməsi buna nümunədir.

Ukrayna rəsmisi müharibənin hazırkı vəziyyəti ilə bağlı açıqlamasında  işin 70%-nin görüldüyünü qeyd edir. Siyasilər isə Putinin hakimiyyətdən gedişi ilə müharibənin bitəcəyini hesab edirlər. Fikrimcə, Ukraynaya “F-16”-ların tam verilməsi, pilotların təlimlərinin başa çatması müharibədə ciddi dəyişikliklərə səbəb olacaq”.

Politoloq İlyas Hüseynov da vurğulayıb ki, Yaxın Şərqdə başlayan müharibə – HƏMAS-İsrail savaşı Qərbin Kiyevə diqqətini azaldıb:

“Ukrayna çox ciddi narahatlıq keçirir. Lakin bu müharibədə Moskvanın tam qələbəsi Avropanın təhlükəsizliyini təhdid altında qoyacaq. Rusiyanın iştahı genişləndikcə Baltikyanı ölkələr, xüsusilə Polşa və digər ərazilər də potensial interversiya təhdidi altına düşür. Belə olan halda Qərb Avropanı itirəcək”.

İlyas Hüseynov

Politoloqun fikrincə, Rusiyanın Avropanın “qırmızı xətt” adlandırdığı ərazilərə yaxınlaşması qlobal savaş mənasına gəlir:

“Qeyd edilən ölkələr həm də NATO-ya daxildirlər. Kollektiv Qərb Ukraynada uduzmamaq üçün dəstəyin genişləndirir. Rusiya isə Yaxın Şərqdəki müharibəni çox yaxşı fürsət kimi dəyərləndirir. Hücumların ikinci dalğasının genişləndiyinin şahidi oluruq. Rusiya ilə sanksiya və təhdidlərlə danışmaq mümkün deyil. Rəsmi Moskva öz hərbi və iqtisadi dayanıqlılığını təmin etməyi bacarır. Qərbin müharibədə Rusiyaya qarşı yeni metodlar tətbiq etməsi Ukrayna üçün müəyyən üstünlüklər qazandıra bilər”.

Safura Bənnayeva
Globalinfo.az