Rusiya Qarabağdan həm də buna görə çıxdı – Politoloqdan kritik şərh

Rusiya sülhməramlılarının sonuncu hissəsi də Qarabağı tərk etdi. Belə ki, iyunun 12-də rusların axırıncı bölüyü Xocalıdakı aeroportun ərazisindən getdi.

Hələ aprel ayında proses yeni başlayanda əsas müzakirə bu yöndə gedirdi ki, Moskva Cənubi Qafqazla bağlı 300 illik dövrü qapadır. Bunu Rusiyanın tanınan politoloqları, fikir adamları, tarixçiləri də vurğulayırdı.
Hər kəs narahat idi ki, Rusiya sülhməramlılarını 2025-ci ildə də çıxarmaya bilər, amma 5 il tamam olmadan çıxdı.

Məsələnin maraqlı tərəfi budur ki, Rusiya Ermənistandan da çıxmaq istiqamətində addımlar atır. Gümrüdəki hərbi bazanın Ermənistan ərazisini tərk edəcəyi, hətta onun yerinə Fransa hərbi hissələrinin gətiriləcəyi barədə iddialar dolaşır.

Ortaya bir neçə sual çıxır: Rusiya Qafqazdan hərbisini çıxarıb, diplomatiyasını, iqtisadiyyatını burda gücləndirir?

Kreml bu siyasətini Çinlə sinxronlaşdırıb, onunla bərabər hərəkət edir? Cənubi Qafqaz siyasəti Moskvanın Şərqdəki ən böyük müttəfiqi ilə razılaşdırılıb?

Rusiyanın Qafqazdan gedirmiş kimi görünməsi planının arxasında başqa hansı qlobal iradə dayanır?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Moskvanın Qafqazdan getməsi texniki olaraq mümkün deyil, çünki Rusiyanın özü həm də Qafqaz ölkəsidir.

Onun sözlərinə görə, Cənubi Qafqaz Rusiyanın mövcud ərazilərinin qorunması, xüsusilə Şimali Qafqazda stabilliyin saxlanılması üçün strateji bölgədir:

“Moskvada Cənubi Qafqazı həmişə Şimali Qafqaza müdaxilə platforması olaraq görüblər, xüsusilə Şimali Qafqazın mürəkkəb etnik xəritəsi orada Rusiya üçün daim risklərin olduğunu deməyə əsas verir. Bu baxımdan, Rusiyanın Cənubi Qafqazdan çıxacağını düşünmürəm. Rusiyanın bölgəni hərbi baxımdan tərk edəcəyi və ağırlığı iqtisadi və diplomatik rıçaqlara verəcəyi ehtimalı da az görünür. Rusiya tarix boyu öz təsirini hərbi müstəvidə yayıb və digər rıçaqlardan bunu daha yaxşı bacarırlar”.

Asif Nərimanlı deyib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxması əslində, Moskvanın Cənubi Qafqazda mövqelərinin qorunub saxlanılmasına hesablanmış addımdır:

“Çünki Rusiya Qarabağ kartından həmişə bölgədəki təsirlərini qorumaq, Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün istifadə edib. Lakin Qarabağ artıq Azərbaycanın daxili məsələsinə çevrildikdən sonra bu kart yararsız oldu və Rusiyanın burada davamlı qalması yalnız Bakı ilə problemlər vəd edirdi. Əvəzində Qarabağdan imtina edən Ermənistan Rusiyanın orbitindən sürətlə uzaqlaşmağa başladı. Buna görə Rusiya sülhməramlıları Qarabağdan çıxarmaqla Azərbaycanla münasibətlərini qorudu və bölgədə mövqelərini Azərbaycan üzərindən qorumaq xəttini seçdi”.

A.Nərimanlının fikrincə, Moskva yaxşı bilir ki, Azərbaycan Cənubi Qafqazda həlledici oyunçudur:

“Qərb Ermənistanda nə qədər möhkəmlənsə də, Azərbaycanın dəstəyi olmadan bölgədə uzunmüddətli qalmaq, yaxud hansısa planı icra etmək mümkün deyil. Moskvanın gedişini zəif və güclü arasında seçim etməsi kimi qiymətləndirə bilərik. Lakin Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun tamamilə başa çatacağı perspektivi də zəifdir”.

Zaira Akifqızı
Globalinfo.az