Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlarda iştirak etmək üçün İstanbula gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi adını açıqlamadığı mənbəyə istinadla məlumat yayıb.
“Danışıqlar qrupu artıq İstanbuldadır”, – deyə mənbə bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə açıqlamasında bildirib ki, prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti 2 iyunda bütün böhranın əsas səbəblərini əhatə edən bir memorandumu Ukrayna tərəfinə təqdim etməyə hazırdır.
Ukrayna müdafiə naziri və eyni zamanda danışıqlar heyətinin rəhbəri Rustem Umerov isə bildirib ki, Kiyev Rusiya ilə görüşə qarşı deyil, lakin danışıqlardan əvvəl Moskvadan həmin memorandumu gözləyir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu tələbi qeyri-konstruktiv adlandırıb və ən vacib məsələnin birbaşa danışıqların davam etdirilməsi olduğunu vurğulayıb.
Xatırladaq ki, danışıqlar daha əvvəlki mərhələsi mayın 16-da baş tutmuşdu. Həmin görüşdə “1000-in 1000-ə” əsir mübadiləsi barədə razılıq əldə olunmuşdu.
Aysel Əliyeva
Globalinfo.az














