Rusiya qalmaqallı qərarı icra etməyə başladı – Azərbaycanlılar ölkədən çıxarılır?

Rusiya qalmaqallı qərarı icra etməyə başladı - Azərbaycanlılar ölkədən çıxarılır?

Rusiya miqrantlarla bağlı yeni qərarı icra etməyə başlayıb. Hökumət MDB ölkələrindən olan miqrantlara qarşı qaydaları bir qədər də sərtləşdirib. Deyilənə görə, əsas hədəf Orta Asiya respublikalarından olan miqratntlardır. Bu da mart ayında “Krokus Hol” zalına terror hücumunda həmin ölkələrdən olan şəxslərin iştirakı ilə bağlıdır.

Bu proses azərbaycanlı miqrantlara da toxuna bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiyada uzun müddətdir miqrantlarla bağlı məsələlər öz aktuallığını qoruyub-saxlayır:

“Vladimir Putin hakimiyyəti Orta Asiyadan gələn miqrantlarla bağlı ölçü götürmək istəyirdi. Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxili işlər naziri olduğu zamanlarda da bu iddiaları səsləndirmişdi. Rusiyada həmin miqrantlardan ucuz işçi qüvvəsi kimi istifadə edilməsinə baxmayaraq, onların cinayət törətmə halları geniş yayılıb. Xuliqanlıq, kiçik həcmli cinayətlər və s. həmin miqrantlarla bağlı tədbir görülməsini zəruri edirdi”.

Rusiya qalmaqallı qərarı icra etməyə başladı - Azərbaycanlılar ölkədən çıxarılır?

Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, Rusiyada azərbaycanlı miqrantlarla bağlı münasibətlərdə fərqlilik var:

“Azərbaycanlılar Rusiyada ticarət həyatının əsas özəyini təşkil edir. Mühüm ticarət obyektləri də elə azərbaycanlılara məxsusdur. “Krokus Holl”un sahibi də azərbaycanlı iş adamıdır. Ona görə də Orta Asiyadan olan miqrantlarla azərbaycanlılara eyni münasibətin göstəriləcəyini düşünmürəm. Lakin görünür, əvvəlki vəziyyət olmayacaq, tədbirləri bir qədər də sərtləşdirəcəklər.
Azərbaycan və Rusiya arasındakı münasibətlərin yüksək səviyyədə olduğu bir vaxtda rəsmi Moskva həmvətənlərimizə qarşı mənfi yanaşma sərgiləməyəcək”.

Qeyd edək ki, bir müddət öncə Rusiyada miqrantlarla bağlı yeni qərarın qəbul edilməsi haqqında material hazırlamışdıq.

Safura Bənnayeva
Globalinfo.az