Azərbaycan ictimaiyyətində Rusiya ilə bağlı qəribə mövqe var. Bu ölkə işğalçılıq, Qarabağ məsələsində 30 ilə yaxın tutduğu mövqe baxımından hər zaman qınanır. Rusiyaya həlim münasibət bəsləyən istənilən siyasətçi kütləvi tənqidə məruz qalır.
Ukraynaya hücumdan sonra Rusiyaya qarşı münasibət daha da kəskinləşib. Baxmayaraq ki, Putin iqtidarı dövründə Azərbaycanın bir qarış torpağı belə işğal edilmədi, əksinə, Qorbaçov və Yetlsin hakimiyyətlərinin zamanında ermənilərin əlinə keçən torpaqlar Vladimir Putin iqtidarda olanda azad edildi, yenə də bunlar azərbaycanlıların Rusiyaya münasibətində pozitiv dönüş etmədi.
Maraqlıdır ki, azərbaycanlılar bunlara rəğmən rus dilində danışmağı sevir. Əksər ailələrdə “dövlət dili” ruscadır. İstər Bakıda, istər rayonlarda hər kəs çalışır, övladı orta məktəblərdə rus bölməsində oxusun.
Bəs bu ziddiyyətin səbəbi nədir? “Rusiya pisdir, dili yaxşı” yanaşması hardan qaynaqlanır?
Mövzunu Globalinfo.az-a şərh edən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, burada bir neçə faktor mövcuddur.
Əhməd Qəşəmoğlu
Onun fikrincə, Azərbaycanda hələ də Rusiya kultu qalır:
“İnsanlar fikirləşirlər ki, övladları gələcəkdə işləmək üçün Rusiyaya gedə bilərlər. Bəziləri isə rus bölməsində dərslərin daha yaxşı, müəllimlərin daha savadlı olduğunu düşünür. Bunlar böyük rol oynayır. Sirr deyil ki, milyona yaxın azərbaycanlı Rusiyadadır. Həmin o şəxslərin də əksəriyyəti burada olan ailəsinə pul göndərir. Ona görə də valideynlər gələcəyi düşünüb, övladını məhz rus bölməsinə yönləndirir”.
Sosioloq deyib ki, Azərbaycanda 400-ə yaxın rus məktəbi var:
“Bu, kiçik bir rəqəm deyil. Bəzən biz bunu özümüzə tərif kimi də xatırladırıq. Ona görə də yekunda belə bir vəziyyət yaranır. Çoxu da övladının gələcəyi üçün onu rus bölməsinə göndərir”.
Zaira Akifqızı
Globalinfo.az














