Rus ordusu II DM-dəki taktikasına keçir – Ukrayna təşvişdə

Rus ordusu II DM-dəki taktikasına keçir – Ukrayna təşvişdə
“İki ildən çoxdur ki, Ukrayna ilə Rusiya arasında müharibə gedir. Lakin son zamanlar rəsmi Kiyevin müharibə taktikasını dəyişdiyinin şahidi oluruq. Daha dəqiq desək, avqust ayının əvvəlindən Ukraynanın müdafiədən hücum taktikasına keçdiyini görürük”.

Bu sözləri Globalinfo.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Ukrayna ordusunun Rusiyanın Tver vilayətinə hücum etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna həm özünün canlı qüvvəsi ilə bağlı reallıqlara, həm ona verilən texniki silah dəstəyinin kəsilmə ehtimalına, həm də Rusiya ordusunun irəliləyişinin durdurula bilməməsinə görə bu addımı atdı:

“Kiyev Qərbin müntəzəm qaydada onlara yardım edəcəyinə əmin deyil. Bundan başqa, öz meydanında rus ordusunu geri oturda bilməyəcəyini də başa düşür. Buna görə Rusiya ordusunun diqqətini başqa istiqamətə çəkmək üçün Kurska, Bryanska və digər ərazilərə hücumlar təşkil etdi. Bu hücumların nəticəsi müsbət olduğu üçün Kiyev indi də Tverə hücum edir”.

Politoloq deyib ki, Rusiya ordusunun mövcud olmadığı ərazilərdən həmlələr etmək Kiyevə sərf edir:

“Tverə hücum göstərdi ki, Kiyev irəliləyişini davam etdirəcək. Çünki qarşıdan soyuq qış ayları gəlir. Aydın məsələdir ki, rus ordusu qışda daha yaxşı döyüşür. Misal üçün, Birinci və İkinci Dünya müharibələrində Rusiya məhz qış aylarında əks-hücuma başladı və rəqiblərini torpaqlarından çıxara bildi. Kiyev bundan ehtiyat edir və həmin vaxta qədər maksimum çox ərazi ələ keçirməyə çalışır. Ukrayna həm də bu yolla Qərbin yeni dəstəyini umur.

Rus ordusu II DM-dəki taktikasına keçir – Ukrayna təşvişdə

Xəyal Bəşirov

Lakin Ukraynanın uzun müddət bu taktika ilə uğur qazanacağını demək çətindir. Çünki Kiyevin canlı qüvvə çatışmazlığı var. Bundan başqa, Qərbin yardımlarının da kəsilmə ehtimalları Kiyevi narahat edir. Yəni proseslərin məcrası dəyişə bilər”.

Turan Rzayev
Globalinfo.az