Rus hərbçisi Bayrağımızı niyə yerə atıb? – Olayın pərdəarxası

 

Rusiya sülhməramlı kontingentinin Həkəri körpüsündə Azərbaycan Bayrağını endirməsi ilə bağlı video sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirəyə səbəb olub. Video yeni olmasa da, Bayrağımıza qarşı edilən hörmətsizlik insanların aqressiyasına səbəb olduğu kimi, siyasi baxımdan da anlaşılmazdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, sülhməramlılar xoşagəlməz bir davranış sərgiləyiblər:

“Rusiya açıq şəkildə münaqişənin həll edilməsini istəmədiyini, Qarabağdakı status-kvonu uzatmaq niyyətində olduğunu göstərir. Bu “mina tarlası” vaxtaşırı “partladılmaqla” bölgə ölkələri, münaqişə tərəfləri təhdid edilir, siyasi və təhlükəsizlik təzyiqinə məruz qoyulur və Rusiya bu təsir alətini itirməkdə maraqlı görünmür.

Rusiya bütün gücü ilə separatizmin dəstəklənməsinə, bölgədə daim toqquşmaların baş verməsinə, paralel olaraq “erməni Qarabağı” ideyasını “Rusiya Qarabağı” ideyası ilə əvəz etməyə çalışır.

10 Noyabr 2020-ci il bəyanatı artıq hüquqi qüvvəsini itirmiş sayılmalıdır. İşğalçı, terrorçuların, separatçıların hamisi, onları silah-sursatla, modern raket və dronlarla təchiz edən, şəxsi heyətinə təlim keçən ölkə neytral vasitəçi, sülhün qarantiyası ola bilməz.

Turab Rzayev

Bizim himnimizin ilk sətirləri “uğrunda can verməyə, uğrunda qan tökməyə” nidaları ilə başlayır. Biz lazım gəldikdə o Üçrəngli Bayraq uğrunda can verməyə hazır olduğumuz kimi, qan tökməyə də hazırıq. Bunu 44 günlük müharibədə bir daha sübut etdik. Görünür, Rusiya “sülhməramlı” qüvvələri bunu unudublar. Onda, deməli, onlara əsl mandatlarının nə olduğunu, sülh bəyanatının şərtlərini və ən əsas da Üçrəngli Bayrağın Azərbaycan xalqı və ordusu üçün nə qədər müqəddəs olduğunu xatırlatmağın vaxtı yetişib”.

Turan Rzayev
Globalinfo.az