Rusiya hərbçilərinin Azərbaycan sərhəd ərazilərdən çıxması, lakin Türkiyə və İran sərhədində mövcudluğunu davam etdirməsi diqqət çəkir.
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov xatırladıb ki, mayın 8-də Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib:
“Burada bir sıra məsələlər müzakirə olundu. Mətbuat üçün açıq hissədən məlum olur ki, Ermənistandakı Rusiya hərbçiləri Azərbaycanla sərhəddən geri çəkiləcək. Lakin Türkiyə və İranla Ermənistanın sərhədlərini rus hərbçiləri qoruyacaq.
Mediada və siyasi eskpertlər tərəfindən tez-tez Ermənistanın Rusiyanın “qırmızı xətt”ini keçdiyi deyilir. Bununla razı deyiləm, çünki İrəvan o xəttə heç yaxınlaşa da bilmir. Gümrüdə Rusiyanın 102-ci bazası saxlanılır və Ermənistan KTMT, MDB, Avrasiya İqtisadi Birliyinin üzvüdür. Yalnız bütün bu anti-Rusiya ritorikaları Qərbdən daha yaxşı güzəştlər əldə etmək naminədir. Rusiya-Ermənistan münasibətlərindən də İrəvan qazanır. Ötənilki ticarət dövriyyəsi 7 milyard ABŞ dolları təşkil etmişdi. Bu, Ermənistan üçün kifayət qədər böyük rəqəmdir. Bu nəticə də təkrar ixrac sayəsində əldə olunub”.
Politoloqun fikrincə, Rusiya Ermənistan ərazisində öz maraqlarını güdür:
“Türkiyə ilə sərhədlərin rus hərbçiləri tərəfindən qorunması həm də Ermənistan-Rusiya müttəfiqliyinə uyğun təşkil olunub. Moskva hələ də həmin sərhədi NATO sərhədi kimi tanıyır. Digər tərəfdən Rusiya ilə Türkiyə arasında möhkəm dayaqlara dayanan münasibətlər var. Ermənistan mümkün olanı etməyə çalışır. Məsələn, Azərbaycanla sərhəddəm rus hərbçilərinin geri çəkilməsi, Zvartnots hava limanından rus qüvvələrinin çıxarılması və s. kimi addımlar atır. Türkiyə sərhədlərində Rusiya hərbçilərinin olması birbaşa Kremlin maraqlarını təmin edir, Ermənistan da buna qarşı çıxmır”.
Safura Bənnayeva
Globalinfo.az













