İran “Fars”ın Rəisinin helikopter qəzası ilə bağlı açıqlamasını təkzib etdi – YENİLƏNİB

İran “Fars”ın Rəisinin helikopter qəzası ilə bağlı açıqlamasını təkzib etdi - YENİLƏNİB

İran Silahlı Qüvvələrinin Baş Qərargahı “Fars” agentliyinin sabiq prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması səbəbi ilə bağlı məlumatını təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir.

““Fars” agentliyinin helikopterin qəzaya uğramasında amillərdən biri kimi təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması, bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə edə bilməməsi barədə məlumatı yalandır”, – bəyanatda deyilir.

***19:06

İranda Prezident İbrahim Rəisinin öldüyü helikopter qəzası ilə bağlı başladılan istintaq prosesi başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fars” mənbəyə istinadən məlumat yayıb.

Rəisinin hər hansı kənar müdaxilə olmadan, qəza nəticəsində öldüyü təsdiqlənib. İranın xüsusi xidmət orqanları “Rəisi işi” ilə bağlı 30 min adamı dindirib, bütün ifadələr helikopterin qəzaya uğramasında insan faktorunun olmadığını göstərir.

Qəzanın səbəbi kimi “hava şəraiti” və “helikopterin ağır çəkisi” müəyyən edilib:

“Rəisiyə məxsus helikopterdə sərnişinlərin sayı normadan çox olduğu üçün lazımi yüksəkliyə qalxa bilməyib və dumanlı havada dağa çırpılıb”.

Qeyd edək ki, göyərtəsində İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopter bu il mayın 19-da İran ərazisində qəzaya uğrayıb.

Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs qəzada həlak olub.