ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanı sayılan “Vaşinqton Post” qəzeti 6 gün ərzində Azərbaycana qarşı 3 məqalə dərc edib. Dünyanın dörd bir yanında qaynar proseslər getdiyi vaxtda qəzetin Azərbaycana 6 gündə 3 məqalə həsr etməsi diqqət çəkir.
Diqqətçəkən digər bir məsələ isə Qubad İbadoğlunu bəhanə edib, dövlətin üstünə gələn bəzi müxalif dairələrin “Vaşinqton Post”da, “Forbes”də Azərbaycan əleyhinə dərc edilən qərəzli məlumatlara səssiz qalmasıdır.
Maraqlıdır, bu səssizliyin səbəbi nədir? “Vaşinqton Post” qəzetinin 6 gün ərzində Azərbaycana qarşı 3 məqalə dərc etməsi nədən qaynaqlanır?
Qabil Hüseynli
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, “Vaşinqton Post”, “Forbes” kimi nüfuzlu mətbuat orqanlarının Azərbaycan əleyhinə qərəzli mövqe sərgiləməsi təəccüblü deyil:
“Biz bu günə qədər dəfələrlə Qərb mətbuatının Azərbaycan əleyhinə yalan, böhtan, şər motivli əsassız iddialar yaydığını, sifarişlə məqalələr qələmə alındığının şahidi olmuşuq. Bu iki örnək də bu qəbildəndir.
Əgər “Vaşinqton Post” qəzetində təkcə 6 gün ərzində Azərbaycana qarşı 3 məqalə dərc edilirsə, burada hansı obyektivlikdən, tərəfsizlikdən danışmaq olar?
Hər üç məqalə ilə də tanışam. Müəllifini də araşdırdım. Yazar erməni əsilli Devid İqnatius. Həmin İqnatius ki, 2016-cı ildə Qarabağa qanunsuz səfər edib. Yəni bu şəxsin kimliyi də, fəaliyyəti də bəllidir”.
Politoloq Qubad İbadoğlunu bəhanə edib, dövlətin üstünə gələn bəzi müxalif dairələrin “Vaşinqton Post”da, “Forbes”də Azərbaycan əleyhinə dərc edilən qərəzli məlumatlara səssiz qalması haqda da danışıb:
“Ümumiyyətlə Qubad İbadoğlunun məsələsi düşünüldüyündən də qəliz və dərindir. Hər gün bu məsələyə dair yeni bir məlumat eşidirik. Bütün hallarda dövlətimiz məsələ ilə bağlı araşdırma aparır və onunla bağlı qərar veriləcək. Lakin “Vaşinqton Post”da, “Forbes”də Azərbaycan əleyhinə dərc edilən qərəzli məlumatlara səssiz qalanlara gəldikdə deyə bilərəm ki, bu, qəbuledilməzdir. Hər halda nə olur olsun, insanın siyasi ambisiyaları, maraqları dövlətindən üstün olmamalıdır. Bəzi məsələlər var ki, orada fikir ayrılıqları aradan qalxmalı, vahid maraqdan çıxış edilməlidir. Necə ki, bədnam qonşularımız ermənilər bunu ustaca edirlər. Mən hərdən onlardakı bu birliyə heyrət edirəm. Sosial şəbəkələrdə xüsusilə aktivdirlər. “Humanitar böhranı” elə təqdim edirlər ki, okeanın o tayında olan insanlar da inanır. Bizdə isə yanaşma “burda mənəm, Bağdadda kor xəlifə” tiplidir”.
Turan Rzayev
Globalinfo.az














