Qriqoryanın müəmmalı iki açıqlaması: Bakı hansı cavabı verəcək?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla bağlı iki açıqlama verib. Onun birinci açıqlaması odur ki, rəsmi Bakı Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhəddə gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizmin yaradılması təklifinə cavab verməyib.

Armen Qriqoryanın ikinci açıqlaması isə odur ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı onuncu təkliflər paketini alıb. Bundan əvvəl İrəvan növbəti təkliflərini Bakıya göndərmişdi. “Biz çox çalışırıq” deyən Qriqoryan prosesin dinamikliyinə diqqət çəkib: “Bəzən irəliləyiş olur, bəzən yox”.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Armen Qriqoriyan Paşinyan hakimiyyəti içində ən qalmaqallı şəxsdir:

“Onun açıqlamaları demək olar ki, hər zaman ziddiyyətli olub. Qirqoriyanın birinci açıqlaması tamamilə əsassızdır. Azərbaycan hər zaman gərginliyin azaldılmasından yana olub.

Hələ 90-cı illərin əvvəllərindən, müharibənin ilk zamanlarından rəsmi Bakı gərginliyin azaldılması üçün səylər göstərib. Ancaq Ermənistan müharibəni davam etdirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin güclənməsi və ordumuzda baş verən müsbət dəyişiklikdən sonra Ermənistan müharibəni dayandırıb atəşkəs masasına oturdu.


Zeynal Əmrəliyev

Azərbaycan öz torpaqlarını tamamilə azad etdikdən sonra da bu cür təşəbbüslə çıxış edib. Ancaq Ermənistan davamlı şəkildə atəşkəsi pozur. Paşinyan heç öz ordusuna nəzarət edə bilmir. Azərbaycan əgər sülh istəməsə idi Qriqoriyanın da dediyi kimi İrəvana təkliflər göndərməzdi. Şübhəsiz ki, sülh rəsmi Bakının istədiyi formada imzalanacaq. Əgər Paşinyan ordu içindəki təxribatçı zabitləri aşkar etmək istəyirsə bunu ölkə daxilində etməlidir. Bu Azərbaycanın problemi deyil. Paşinyan daimi sülh üçün ordu içindəki təxribatçı qüvvələri zərərsizləşdirməlidir. Əks halda Cənubi Qafqazda qalıcı sülh əldə etmək mümkün olmayacaq və bu Ermənistan üçün çox baha başa gələcək”.

Turan Rzayev
Globalinfo.az