“Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına iki hərbi təyyarə gəlib. Bildirilir ki, təyyarələrdən birində Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşları olub. Onlarla bərabər postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və qafqazlılardan ibarət şəxsi heyət də gəlib və Ermənistan Silahlı Qüvvələrinin geyim forması ilə təchiz olunaraq Zəngəzurdakı hərbi bazaya yerləşdirilib.
Maraqlıdır, İran regiona kənar qüvvələrin (xüsusən ABŞ-ın) gəlməsinə qarşı çıxdığı və Zəngəzuru “qırmızı xətt”i elan etdiyi halda nə üçün ABŞ-ın bu əraziyə hərbçilərini gətirməsinə səssiz qalır?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, ABŞ hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi məsələsi gerçəkdirsə, çox ciddi hadisədir:
“İran regional gücdür. Bununla belə, regional proseslər baxımdan elə də effektiv rol oynamır. İranı narazı salan məqamlar olsa da, sözlü ritorikadan əlavə nəsə reaksiya verə bilmir.
Vaqif Hüseyn
O ki qaldı ABŞ hərbçilərinin Ermənistanda fəaliyyətinə, bu, biraz fərqli məsələdir. Rəsmi Vaşinqtonun Ermənistanda hədəfi İran yox, Rusiyadır. Yəni narahat olmalı olan tərəf Moskvadır. Bu gün Ermənistanda İranın yox, Rusiyanın hərbi bazaları var. Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Rusiyanın Ermənistandakı təsirini azaltmaq və tamamilə aradan qaldırmaq üçün Vaşinqton İrəvanla birgə hərəkət edir. Lakin bu o demək deyil ki, Rusiya məsələyə səssiz qalacaq. Ümumiyyətlə, Kremlin Ermənistandakı təsiri hələ də çoxdur. Yəni hər hansısa bir güc zəifləməsindən danışmaq üçün tezdir.
İrana gəldikdə isə Tehran Moskva ilə ortaq hərəkət edir. Daha doğrusu, buna məcburdur. Rusiya olmadan İranın regional siyasəti elə də təsirli deyil. Yəni Tehran da bir müddət sonra məsələyə reaksiya verəcək”.
Turan Rzayev
Globalinfo.az














