Qoşunlar sərhəddə, barmaqlar tətikdə – Erməniləri qorxuya salan iki detal

Qoşunlar sərhəddə, barmaqlar tətikdə - Erməniləri qorxuya salan iki detal

Ermənistan ordusunun sərhədboyu ərazilərdə 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı məlumatlar yayılıb. İrəvanın Azərbaycanla sərhəddə qoşun yığdığı, hətta avropalı müşahidəçilərin bölgədən təcili təxliyə edildiyi iddia olunur.

Lakin Ermənistan bu iddiaları təkzib edir, əksinə, Azərbaycanın müharibəyə hazırlaşması barədə ittihamlar səsləndirir.

Bəs müharibə başlayır, yoxsa Ermənistan blef edir? Hazırkı vəziyyətdə İrəvan buna risk edərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elşən Məcidov bildirib ki, məsələ heç də qeyd olunduğu kimi deyil:

“Ermənistanın Azərbaycanla sərhəddə qoşun yığması onların bizə qarşı müharibəyə başlama istəyindən xəbər vermir. Sözsüz ki, bu, Ermənistandır. Azərbaycan ərazilərini hər zaman öz mifik “Böyük Ermənistan” iddiasının tərkib hissəsi kimi nəzərdən keçirib. Qüdrəti çatarsa, həmişə ölkəmizə qarşı hücuma keçib ərazilərimizi işğal etməyə hazırdır. Ermənistanın fərqli sferalar üzrə güc faktorları Azərbaycanla müqayisədə xeyli aşağıdır. Bu səbəblə niyyətlərindən asılı olmayaraq onlar bunu həyata keçirə bilməzlər”.

Politoloq bildirib ki, İrəvanın bu addımı fərqli məqsədlərlə həyata keçirir:

“Amma sərhəddə qoşun yığmalarının iki mümkün səbəbi var. Birincisi, Ermənistan güman edir ki, Azərbaycan Qarabağda antiterror əməliyyatları keçirdiyi şəraitdə, anklavlar məsələsini də hərbi yolla birdəfəlik həll edə bilər. Bu halda Qazaxın işğalda olan bəzi kəndlərinin sərhəddən indiki Ermənistan ərazisi daxilində yerləşməsi, həmin ərazilərin azad ediləcəyi halda ora gedən yolların da Azərbaycanın nəzarətinə keçəcəyi mənasına gəlir. İrəvan ehtiyat edir ki, istənilən antiterror əməliyyatlarının nəticəsində anklavları və həmin ərazilərlə Ermənistan arasında qalan hissələri Azərbaycan nəzarətə götürə bilər. O məqsədlə öz qoşunlarını sərhəddə yığıblar ki, bunun qarşısını alsınlar”.

E.Məcidov Ermənistanın sərhəddə qoşun yığmasının başqa bir səbəbi olduğunu da deyib:

“İkincisi, onların sərhəddə qoşun yığması Azərbaycanı silahlı qüvvələrini bu və ya digər formada bölüşdürməyə məcbur etmək məqsədi daşıyır. Yəni, Ermənistanın təxribatlarının qarşısının alınması üçün ordunun bir qismi sərhəddə cəmlənsin, digər hissəsi isə Qarabağda antiterror əməliyyatlarına cəlb edilsin. Ermənistan sərhəddə daha çox qoşun yığdıqca, biz də hərbi birliklərimizi həmin hissələrə yönləndirməyə məcbur oluruq, Qarabağda antiterror əməliyyatlarına deyil. Bu iki əsas amil hazırda sərhəddə, ümumilikdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə mövcud gərginliyin əsas səbəblərindəndir”.

Qeyd edək ki, iyunun 15-də Ermənistanla şərti sərhəddə, Dığ kəndində baş verən toqquşmadan sonra vəziyyət gərgin olaraq qalır.

Ayşən Mustafa
Globalinfo.az