Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Şaitdin Əliyevin qızı Aygün Maniyevanın 12 saylı Xəzər birinci seçki dairəsindən namizədliyini irəli sürüb, daha sonra geri çəkilməsi müzakirələrə səbəb olub. Xatırladaq ki, A. Maniyevanın namizədliyi yap tərəfindən irəli sürülmüşdü.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan MSK üzvü Şaitdin Əliyev xəbəri təsdiq edib.
O, qızının şəxsi işlərinə müdaxilə etmədiyini bildirib:
“Qızım bir Azərbaycan vətəndaşıdır və hər bir vətəndaşımız da qanunauyğun addım ata bilər. Lakin bilirsiniz ki, mən özüm MSK üzvüyəm. Seçki Məcəlləsinin 22.1-ci maddəsinə görə mənim övladım öz namizədliyini irəli sürə bilməz. Mən MSK-da olduğum müddətdə nəinki qızım, istənilən birinci dərəcəli qohumluq əlaqələrim olan heç kim namizəd ola bilməz. Ya mən istefa verməliyəm ki, onlar seçkilərdə iştirak etsinlər, ya da elə doğmalarım namizədliyini geri götürməlidirlər”.
Şaitdin Əliyev deyib ki, qızı könüllü şəkildə namizədliyini geri çəkib:
“Qızım Aygün YAP-ın fəal üzvlərindəndir. Mən ona “namizədliyini ver”, ya “geri çəkil” deməmişəm. Özü müstəqil şəkildə namizədliyini geri götürüb”.
MSK üzvü namizədlərin sənədlərini təqdim edəcəyi son tarixlə bağlı danışıb:
“1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən şəxslər 2 avqust 2024-cü il tarixinə kimi sənədlərini təhvil verməlidir. Hər kəsə uğurlar arzu edirəm”.
Zaira Akifqızı
Globalinfo.az














