İranın Qum şəhərində “şiələr üçün müqəddəs” olduğu iddia edilən Çəmkəran məscidində “qırmızı bayraq” qaldırılıb. Kirmandakı çoxsaylı insan tələfatına və yaralanmasına səbəb olan terror aktından sonra 3 gündür qaldırılan “qırmızı bayraq” qisasa çağırış kimi dəyərləndirilir.
Maraqlıdır, rəsmi Tehran Kirmandakı teraktın qisasını alacaqmı? İranın hədəfindəki ölkə hansıdır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu, hazırda regionda vəziyyəti nəzarət altında saxlayan bütün mütəxəssisləri düşündürür:
“İranda müxtəlif müqəddəs məkanlarda, o cümlədən Çəmkəran məscidində “qırmızı bayraq” ali dini rəhbərin tapşırığı əsasında asılıb. Məlum terror aktından sonra İran qisas almaq barəsində düşünür və bu məqsədlə çıxış yolları axtarır.
Amma qisas kimdən alınmalıdır, obyekt müəyyən olunubmu? Terror aktını həyata keçirənlər məlumdurmu? Təbii ki, deyil və sadəcə, mülahizələr, müxtəlif versiyalar mövcuddur. İrandakı rejimin özünü günahkar sayanlar da var.
İranda və ondan kənarda terror aktını rejimin törətməsi barədə də iddialar mövcuddur. Bu iddialara əsasən, rejim ABŞ və İsraili günahlandırmaq üçün bu terroru törədib. Digər iddia ondan ibarətdir ki, rejim yaxın gələcəkdə hakimiyyətə qarşı çıxan insanların bir yerə toplaşmasının qarşısını almaq üçün bu yola əl atdı. İnsanlar terrordan ehtiyat edərək yaxın bir neçə ildə belə toplantılarda iştirak etməyəcək və deməli, kütləvi tədbirlərin qarşısı alınacaq. Qeyd olunmalıdır ki, rejimin bu hadisəni ABŞ və İsrailin üzərinə atmaq cəhdi boşa çıxdı”.
Ekspert vurğulayıb ki, rejim daxilindəki ciddi siyasi fiqurlar da terrorun ABŞ və İsraillə bağlı olmadığı qənaətindədir:
“Ən əsası ona görə ki, ABŞ və İsrail heç vaxt kütləvi ölümlərə səbəb olan əməliyyat həyata keçirmir və bu tədbirlərdən sonra tutduğu əməli nə təsdiq, nə də inkar edir. İrandakı hadisə isə birmənalı olaraq həm ABŞ, həm də İsrail tərəfindən rədd edildi.
İŞİD-in terror aktını öz üzərinə götürməsi indiki halda həm İrandakı rejim, həm də xaricdəki qüvvələr tərəfindən qəbul olunan versiyadır. Amma bunun qəbul edilməsinin də İran hakimiyyət orqanları üçün mənfi nəticələri var. Belə olan halda bu, İranın təkcə ABŞ və İsrail deyil, terror qruplaşması qarşısında da müdafiəsiz olduğu anlamına gələcək və xalqın hakimiyyətə inamı bir qədər də zəifləyəcək. Digər tərəfdən İŞİD-i terroru törədən qüvvə kimi qəbul etməmək günahın yenidən rejimin üzərində qalacağı deməkdir. Deməli, hakimiyyət ən azından günahkarın İŞİD olduğunu sübut etməyə çalışacaq və son günlər atılan addımlar da bunu deməyə əsas verir.
Əlimusa İbrahimov
Tacikistan vətəndaşının adının sui-qəsddə hallandırılması və istintaqın yönəldiyi istiqamət də bunu deməyə əsas verir. İranda terror aktının yerli hakimiyyətin özü tərəfindən törədilmədiyini sübut etmək üçün əllərində olan bütün imkanlardan istifadə edəcəklər. Hətta mümkündür ki, istintaq zamanı onlarla insan günahlarını boyunlarına alaraq tutulub həbsxanalara atılsın və sonradan dar ağacına çıxarılsın. Amma bütün bu tədbirlər terror hadisəsini törədənlərin kənarda qalması anlamına gəlməyəcək. Müəyyən müddətdən sonra əsl terrorçular haqqında məlumatlar gün işığına çıxarılacaq.
Qisas məsələsinə gəldikdə, onu həyata keçirmək üçün bəlli bir zaman müəyyən olunmur. Bu, qısa müddətdə də həyata keçirilə bilər, üstündən xeyli vaxt keçdikdən sonra da”.
Turan Rzayev
Globalinfo.az














