“Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin “qara qutu”larının internetə sızdığı iddia edilən stenoqramı həqiqətdən uzaqdır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev deyib.
O bildirib ki, daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından kəskin fərqlənir.
“Kiminsə bunu internetdə dərc etməsi həqiqət olması demək deyil. Araşdırma aparılır, ekspert qrupu yaradılıb – onlar indi “qara qutu”nun yazılarını öyrənirlər: kim nə deyib, hansı əmrləri veriblər və s. Çox güman ki, bu iş gələn həftə yekunlaşacaq”.
Xatırladaq ki, bir qədər əvvəl Rusiyaya məxsus “Baza” Teleqram kanalı AZAL təyyarəsinin stenoqramı olduğu iddia edilən mətn yaymışdı. Sözügedən stenoqramda pilotlar və dispetçer arasında aparılan söhbətdən belə nəticə çıxır ki, Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, sonra isə Bakıya qayıtmaq və nəticədə Aktauya düşmək barədə bütün qərarları guya Azərbaycan Hava Yollarının ekipajı müstəqil qəbul edib.
***11:25
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri növbəti həftə açıqlanacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev məlumat yayıb.
O bildirib ki, təyyarənin “qara qutu”ları Braziliyada tam deşifrə edilib.
Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Zaira Akifqızı
Globalinfo.az














