“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülh və birgəyaşayış konsepsiyasıdır” – Hikmət Babaoğlu

“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülh və birgəyaşayış konsepsiyasıdır” – Hikmət Babaoğlu
Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Bu görüşdə ölkə başçısı bir çox vacib mesajlar verdi, açıqlamalar səsləndirdi.   

Prezident bildirdi ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik:

“Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”.

Dövlət başçısı qeyd edib ki, bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur:

“Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik”.

Millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının bir qrup nümayəndəsi ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlərin qarşımızda duran milli vəzifələrimiz və məqsədlərimiz baxımından strateji əhəmiyyətini vurğulayıb:

“Çünki artıq Qarabağ problemi yoxdur, ərazi bütövlüyümüz bərpa edilib, böyük qayıdış başlayıb və bu yeni reallıqlar xalqımıza qarşı edilmiş tarixi haqsızlıqların aradan qaldırılması üçün yeni şərtlər yaradıb. Bu haqsızlıqlardan biri də Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın 20-ci əsr boyunca dəfələrlə deportasiyaya, soyqırımına məruz qalaraq öz tarixi torpaqlarından cinayətkarcasına çıxarılmasıdır. Ona görə də Prezident İlham Əliyev tarixi torpaqlarımıza qayıdışla bağlı konsepsiyanın hazırlanmasını xüsusi vəzifə kimi qoydu”.

Deputat Prezidentin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını sülh və birgəyaşayış konsepsiyası kimi irəli sürdüyünü qeyd edib:

“Yəni ikinci böyük qayıdışın fəlsəfəsi və vasitələri sülhə, beynəlxalq hüquqa və tarixi ədalətin bərpasına hesablanır. Hazırda Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımızın yaşadıqları kənd və qəsəbələrin əksəriyyətində demək olar ki, heç kim yaşamır. Çünki Ermənistanda həmin kəndlərdə yaşayacaq qədər əhali yoxdur. Üstəlik, son 30 ildə bu ölkədə depopulyasiya yaşanır. Bu demoqrafik deqredasiyadır. Belə olan halda, Qərbi azərbaycanlıların öz evlərinə, yurd-yuvalarına qayıtması vacib şərt və zəruri məqsəd kimi ortaya çıxır. Necə ki, hazırda Qarabağda ermənilər yaşayır və onların təhlükəsizliyinə Azərbaycan konstitusion səviyyədə təminat verir, eləcə də Qərbi azərbaycanlılar Ermənistanda yaşamalı və onların təhlükəsizliyinə konstitusion zəmanət verilməlidir. Bu isə  Cənubi Qafqazda sülh və birgəyaşayışın ədalətli modeli ola bilər”.

Gülnar Səlimova

Globalinfo.az