Qərbdən hiyləgər addım: Rusiya küncə sıxışır?

“Böyük yeddilik” (G7) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 50 milyard dollar kredit verməyə razılaşıb. Məlumata görə, krediti Kiyev yox, Moskva qaytaracaq. Rusiyanın dondurulmuş vəsaitlərindən əldə olunan gəlirlər kreditin ödənişinə yönəldiləcək. Sonda 300 milyard dollarlıq vəsaitin təzminat qismində Ukraynaya verilməsi ehtimalı çox yüksəkdir.

Sözügedən hadisə reallaşsa, “Kollektiv Qərb” Ukraynanı Rusiyanın qəzəb zonasına bir az da itələyə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, “Kollektiv Qərb” Ukraynaya müxtəlif formalarda dəstək verir:

“Onlardan biri də Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin Ukraynaya transferi və Kiyevin bərpasında istifadə edilməsidir. Müharibə başlayandan bəri uzun müddət Qərb dairələrində Kremlin dondurulmuş vəsaitlərindən Kiyevə yardım üçün istifadə edilməsi məsələsi müzakirə edildi. Bu, Rusiya üçün xoşagəlməz haldır. Lakin daha da aqressivləşəcəyini düşünmürəm. Ukraynanın bir dövlət kimi varlığını qəbul etməyən Kreml bu ölkənin Qərblə yaxınlaşmasını özünə təhdid kimi gördüyü üçün işğal siyasəti yürüdür. Bu siyasət dəyişməyəcək”.

Politoloqun sözlərinə görə, Rusiya Qərbin Ukraynaya verdiyi dəstəyin azaldılmasında maraqlıdır:

“2023-cü ilin ikinci yarısından bu ilin əvvəlinə qədər azalan dəstək fonunda mart ayından Aİ və ABŞ tərəfindən, eləcə də G7 ölkələrinin sammitində Ukraynaya yardımların edilməsi ilə bağlı qərarlar alınıb. Bu, Rusiya üçün yeni problemlər deməkdir”.

Safura Bənnayeva
Globalinfo.az