Qərb Ukraynaya elə silah verir ki… – Rusiya son addıma gedəcək

Rusiya-Ukrayna müharibəsi davam edir. Son məlumatlara görə, Rusiyanın Ukraynadakı itkilərinin sayı 200 mini ötüb. Diqqətçəkən məqam isə Ukraynanın başlatmaq istədiyi əks-hücum əməliyyatları öncəsində Prezident Volodimir Zelenskinin yeni silahların tədarükü ilə bağlı razılıq əldə etməsidir. Buna paralel olaraq isə Rusiya siyasi və hərbi elitası daxilində ciddi ölçüdə fikir ayrılığı yaşanır.

Maraqlıdır, Ukraynanın əks-hücumunun ardından Rusiya məğlubiyyətə uğradıla bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev deyib ki, Ukraynanın əks-hücum əməliyyatlarına başlaması hər kəsə bəllidir:

“Rəsmi Kiyev uzun müddətdir ki, geniş şəkildə silah-sursat tədarükü görür, maliyyə imkanları əldə edir. Bundan başqa, Kremlin atacağı addımlara qarşı da hava hücumundan müdafiə sistemləri yerləşdirilib, qabaqlayıcı tədbirlər alınır. Mümkündür ki, Ukrayna Qərbdən F-16 və bu kimi döyüş təyyarələri də alsın. Əslində, Ukrayna may ayının əvvəli hücuma başlayacaqdı, lakin hava şəraitinin əlverişli olmaması hücumun vaxtını gecikdirdi”.

Politoloq deyib ki, Rusiya ordusu Ukrayna ordusu qarşısında tam məğlub olmasa da irəliləyə bilmir:

“Təsəvvür edin, Baxmut uğrunda gedən döyüşlərdə müxtəlif məlumatlar paylaşılır. Yəni gah Baxmutun 80 faizinin, gah isə 70 faizinin ələ keçirildiyi deyilir. Lakin tam olaraq şəhər ələ keçirilə bilmir.

Turab Rzayev

Hesab edirəm, Rusiya ordusu genişmiqyaslı Ukrayna hücumunun qarşısını ala bilməyəcək. Ən azından konvensional silahlar ilə bu mümkün deyil. Kreml kütləvi qırğın silahlarından istifadə etsə, bəlkə müəyyən uğur qazanar. Mümkündür ki, Rusiya yenə taktiki nüvə silahı ilə Ukraynanı hədələyəcək”.

Turan Rzayev
Globalinfo.az