İsraildən ABŞ-a gözlənilməz reaksiya: Bakıya qarşı qərəzlisən, bunu etmə!

“Bir anlıq təsəvvür edin ki, Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinken bu həftə Yaxın Şərqə səfəri zamanı İsrail liderləri ilə görüşsəydi, amma Fələstin administrasiyasının rəsmiləri ilə görüşməsəydi, hansı reaksiya ilə qarşılaşardı. Təbii ki, o, diplomatiyada balanssız və qərəzli yanaşmasına görə kəskin qınağa tuş gələcəkdi”.

Globalinfo.az xəbər verir ki, bu sözlər aze.media-nın İsrail mətbuatına istinadən yayımladığı məqalədə qeyd edilib.

“Yerusəlim post” qəzetinin məqaləsində bildirilir ki, ABŞ Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir:

“ABŞ diplomatiyası Ermənistanın maraqlarını Azərbaycanın maraqlarından üstün tutduqda ictimai reaksiya qulaqbatıran sükuta qərq olur. Amerikanın baş diplomatı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamalarında balansı qorumağa cəhd göstərmir. Yanvarın 23-də Blinken Azərbaycandan Laçın dəhlizini açmağı tələb edib. O həmçinin vurğulayıb ki, Dövlət Departamentinin sözçüsü Ned Praysın sözlərinə görə, Laçın dəhlizində humanitar böhran riski Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıdır.

Bunun əksinə olaraq, beş gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində Blinken baş nazirin sülhə sadiqliyini alqışlayıb və Ermənistana heç bir tələb irəli sürməyib.

İsrail hökuməti Azərbaycanın Avrasiyadakı rolunun əhəmiyyətini anlayır və ötən həftə müdafiə naziri Yoav Gallant azərbaycanlı həmkarı ilə söhbətindən sonra İsrail-Azərbaycan əməkdaşlığın regional sülh və sabitliyə müsbət təsir edəcəyini deyib. Lakin son vaxtlar ABŞ xarici siyasətdə eyni anlayışı nümayiş etdirməyib.

Blinkenin 23 yanvar bəyanatı Azərbaycan və Ermənistan arasında onsuz da kövrək olan sülh prosesinə mane olmağa xidmət edir. Təəssüf ki, Cənubi Qafqazdan söhbət gedəndə ABŞ-ın yüksəkrütbəli liderlərinin belə açıqlamaları heç də təəccüblü deyil.

ABŞ liderləri və siyasətçiləri Cənubi Qafqaza davamlı sülhü gətirmək üçün indiki fürsətdən istifadə etməlidirlər. Amerikanın qlobal səhnədəki əsas rəqibi olan Rusiya bu fürsəti əldən verdi.

Vaşinqtonun balanssız yanaşmanı davam etdirməsi ABŞ rəhbərliyinin Cənubi Qafqazdan çox-çox kənarda etibarlılığına şübhə yaradacaq”.

Gülnar Səlimova
Globalinfo.az