“Qərb Qarabağa öz sülhməramlılarını yerləşdirmək istəyir” iddiasına cavab

“Qərb Qarabağa öz sülhməramlılarını yerləşdirmək istəyir” iddiasına cavab

Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində bəzi ekspertlər tərəfindən maraqlı iddia səsləndirilir. Həmin iddialara görə, Qərb Cənubi Qafqazda yeni planını işə salıb. Söhbət Rusiya sülhməramlılarının vaxtından tez Azərbaycan ərazisindən çıxarılıb, Qərbin sülhməramlılarının gətirməsindən gedir. Bu prosesdə erməni tərəfi də xüsusi canfəşanlıq edir.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Gerçəkdən Qərbin belə planı varmı? Varsa, bunun hüquqi mexanizmi necədir? Rusiyanın hərbi kontingentini bölgədən çıxarmaq o qədərmi asandır?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Qərbin belə bir planın olduğunu düşünmür:

“İnanmıram ki, mövcud reallıqlar fonunda onların belə bir istəkləri olsun. Düzdür, Ermənistan bunu istəyə bilər, lakin rəsmi İrəvan da belə bir istəyi açıq şəkildə dilə gətirə bilməz.

Mümkündür ki, belə bir təşəbbüsü ATƏT irəli sürsün. Lakin biz heç bir halda bununla razı ola bilmərik. Hazırda bizim qarşımızda duran əsas iş Rusiya sülhməramlılarının torpaqlarımızdan çıxması olmalıdır. 5 ilin sonunda sülhməramlıların səlahiyyət müddəti heç bir halda uzadılmamalıdır.

Bu mənada bir sülhməramlı getməmiş, digərinin gəlməsi absurd yanaşmadır və heç bir məntiqi əsası yoxdur”.

Turan Rzayev
Globalinfo.az