“Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür. Vəziyyəti çox ağırdır”.
Gloablinfo.az xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib.
Onun sözlərinə görə, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:
“Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir.
Deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır. Onun bütün tapşırıqları istiqamətində işlər aparılır. Bu gün səhər saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov xəstəni ziyarət edib”.
Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.
***
Deputatın əmisi, professor Qəzənfər Paşayev “Manset.az”a millət vəkilin vəziyyəti ilə bağlı açıqlama verib.
“Biz bilmirik Qənirənin səhhətində niyə problem yaranıb. Heç həkimlər də baş açmırlar. Dünən gecə birdən-birə halı pisləşib, Mərkəzi Klinikadadır. Xaricdən həkimlər də gəlib. Allaha dua edirik!”, – deyə Q.Paşayev bildirib.
Həmçinin, deputat Vüqar İskəndərov da Qənirə Paşayevanın səhhəti ilə bağlı danışıb.
O, sosial şəbəkə hesabında “Həkimlərin dediyinə görə təzyiqində normallaşma prosesi var. 48 saatlıq etapı keçsə daha da yaxşı olacaq. Amma belə vəziyyəti ağır olaraq qalır”, – deyə qeyd edib.
***12:39
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hazırda Mərkəzi Klinikada həkimlərin nəzarəti altındadır.
Globalinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
O bildirib ki, hazırda həkimlər tərəfindən lazımı tədbirlər görülür.














