ABŞ-da Donald Tramp administrasiyasının hakimiyyətə başlamasına qısa müddət qalıb. Onun prezident seçkilərində verdiyi vədlər, səsləndirdiyi fikirlər qalib gəlməsindən sonra Trampın fəaliyyəti ilə bağlı bəzi ümidlər yaradıb.
Şübhəsiz, Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında mövcud olan gərginliyin bu mərhələdə hansı kontekstə olacağı da maraq doğurur. Yeni dünya düzəninin formalaşdırılması , fərqli siyasətin ortaya qoyulacağı istiqamətində fikirlər səsləndirilir. Bu da özlüyündə müəyyən sualların yaranmasına səbəb olur.
Bakı Aİ ilə gərgin münasibətləri fonunda ABŞ-ın yeni administrasiyası ilə normal münasibət qura biləcəkmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, ABŞ-ın yeni administrasiyası bir həftədən sonra hakimiyyətə gəlir və onun dünyanın bir çox ölkələri, xüsusilə də Aİ ilə münasibətlərinin gərgin olacağı proqnozlaşdırılır:
“Tramp administrasiyası qlobal gücü hədəfə gətirib. Yəni dünya ölkələri, eləcə də ABŞ daxilində sanki qlobal güclərin strukturları, şəbəkələri ilə qarşı-qarşıyadır. Buna görə də Aİ-nin həmin administrasiyanın hədəfində olduğunu deyə bilərik. Bu gün Avropanın bir çox ölkələrində sağçı, millətçi qüvvələr Tramp administrasiyası, İlon Mask tərəfindən dəstəklənir. Görünür, yaxın gələcəkdə Aİ və ABŞ münasibətlərində bir çox məqamlarda qarşıdurma, gərginlik müşahidə edəcəyik”.
Əli Mustafayevin sözlərinə görə, Aİ və Azərbaycan arasındakı gərginlik ABŞ-ın yeni administrasiyası ilə münasibətlərinə heç bir təsir etməyəcək:
Əli Mustafayev
“Hətta əksi də ola bilər. Məhz Aİ-Azərbaycan gərginliyinə görə, Donald Tramp hökuməti rəsmi Bakı ilə daha pozitiv münasibət qura bilər. Bütün hallarda Donald Trampın yeni dünya düzəni ilə bağlı yanaşması ənənəvi paradiqmaları dağıdır. Böyük Amerika qurmaq istəyən Tramp ehtimal olunur ki, Avropa, Avrasiya ilə yanaşı dünyanın bir çox ölkələrində də Amerikanın ənənəvi maraqlarına fərqli yanaşma sərgiləyəcək. Burada daha çox ABŞ maraqları ön planda duracaq. Müəyyən bölgələrdən imtina edib, çəkilmək prosesi də müzakirə edilir”.
Siyasi şərhçi qeyd edir ki, gələcəkdə Aİ və ABŞ arasında müəyyən uzlaşmanın olması istisna edilmir:
“Son vaxtlar Suriya məsələsi ilə bağlı baş tutan görüşlər də buna nümunədir. Doğrudur, bunlar Bayden administrasiyasının hakimiyyəti dövründə baş verib. Donald Trampın hakimiyyəti dövründə isə fərqli siyasət ortaya qoyacaq. Burada isə Azərbaycan, Türkiyə və digər ölkələrə münasibəti Aİ ilə əlaqələrdən qaynaqlanmayacaq. Tamam yeni, fərqli gündəm müşahidə ediləcək. İstisna etmirəm ki, yeni administrasiyanın ən ciddi hədəfi Avropa İttifaqı və Avropa ölkələrinin bir çox qlobal gücləri olacaq”.
Safura Bənnayeva
Globalinfo.az














