“Qarabağnamə”: Tarixi həqiqətlərin bədii təsviri – FOTOLAR

2023-cü il 30 mart tarixində ,saat 19:00-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Xalq rəssamı Arif Hüseynovun tarixi yaddaşımıza həsr etdiyi əsərləri əsasında istedadlı rejissorumuz Elnurə Kazımovanın “Qarabağnamə” sənədli filminin təqdimatı keçiriləcək.

Globalinfo.az bildirir ki, “Qarabağnamə” tarixi həqiqətlərin bədii təsviridir, rəssamın ürək yanğısı, dərin idrak və vətənpərvər ruhla yaratdığı əsərlərin ən ümumi adı, ünvanıdır. “Qarabağnamə”lərdə tariximiz rəssamın fırçasından keçərək bu günümüzdə canlanır və gələcəyə yol göstərir.

Film boyu həmsöhbətimiz və bələdçimiz “Qarabağnamə”nin müəllifi Arif Hüseynov özüdür.

Öz üslübu ilə seçilən rejissor Elnurə Kazımovanın orijinal kompozisiyaya malik yeni ekran əsəri – “Qarabağnamə” sənədli filmi faktların kino dili ilə ifadəsidir.

Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynovun, “Azərbaycantelefilm”in rejissoru Elnurə Kazımova başda olmaqla yaradıcı heyətin birgə ərsəyə gətirdiyi yeni ekran əsərinin təqdimatında filmin nümayişi ilə bərabər, sənət adamları ilə görüş keçiriləcək və müzakirələr aparılacaq.

Qeyd edək ki, filmin təqdimat mərasimində giriş sərbəstdir.